Çin mediası Azərbaycan ilə Aİ arasında qaz təchizatının artırılmasına dair sazişin imzalanmasını diqqətdə saxlayıb










Pekin, 19 iyul, AZƏRTAC
Çin kütləvi informasiya vasitələri Azərbaycan ilə Avropa İttifaqı arasında Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanmasını diqqətdə saxlayıb.
AZƏRTAC xəbər verir ki, milli xəbər agentliyi Sinxua, Çin Mərkəzi Televiziyasının əsas xəbər kanalı CCTV13 də daxil olmaqla bir neçə kanalı, televiziyanın ingilis dilində yayımlanan CGTN (China Global Television Network) kanalının internet səhifəsi, digər televiziya kanalları və populyar xəbər portalları mövzuya dair xeyli material yayıb. Qeyd olunub ki, memorandum Azərbaycandan Cənub Qaz Dəhlizi vasitəsi ilə Avropaya qaz nəqlinin 2027-ci ilədək 2 dəfə çoxaldılaraq, 20 milyard kubmetrə çatdırılmasını nəzərdə tutur.
Məqalələrdə bildirilir ki, Azərbaycan Prezidenti İlham Əliyev ilə Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin Bakıda imzaladıqları sənəd Avropaya alternativ qaz təchizatını əhatə edir.
Sinxua agentliyi dövlətimizin başçısının “Azərbaycanın başlatdığı və Avropa İttifaqının, o cümlədən tərəfdaşlarımızın dəstəklədiyi enerji layihələri Avropanın enerji xəritəsini tamamilə dəyişir. Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində uzunmüddətli, proqnozlaşdırılan və çox etibarlı əməkdaşlıq təbii ki, böyük nailiyyətdir” fikrini qeyd edərək, Prezident İlham Əliyevin Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlığı yüksək qiymətləndirdiyini vurğulayıb.
Məqalələrdə Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin “Bu, artıq Avropa İttifaqı üçün çox vacib təchizat marşrutudur və onun vasitəsilə ildə 8 milyard kubmetr qaz nəql edilir. Biz bir neçə il ərzində onun ötürücülük imkanını 20 milyard kubmetrə çatdıracağıq. Gələn ildən biz 12 milyard kubmetr göstəriciyə çatacağıq” fikri də əskini tapıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin