İQTİSADİYYAT
Çinli mütəxəssis: Rəsmi Bakının iqtisadiyyatını şaxələndirmək istəyi BRICS-in baxışı ilə üst-üstə düşür - MÜSAHİBƏ
Bakı, 17 sentyabr, AZƏRTAC
Rəsmi Pekinin Cənubi Qafqazda mühüm strateji tərəfdaşı olan Azərbaycan Braziliya, Rusiya, Hindistan və Çinin əsasını qoyduğu, sonradan Cənubi Afrikanın da qoşulduğu qüdrətli iqtisadi blok olan BRICS qrupuna üzv olmaq istəyən ən son ölkələrdən biri oldu. BRICS-in artan iqtisadi və siyasi təsirləri Azərbaycanın bu bloka olan marağının mənbəyidir. Misir, Birləşmiş Ərəb Əmirlikləri, Efiopiya və İranı əhatə edən son genişlənmə ilə BRICS dünya əhalisinin təxminən yarısını və qlobal iqtisadiyyatın dörddəbirindən çoxunu təşkil edən nəhəng iqtisadi güc mərkəzinə çevrilib. Karbohidrogenlərdən asılılığını azaltmağa və iqtisadiyyatını şaxələndirməyə çalışan Azərbaycan üçün BRICS böyük bazarlara çıxış, texnologiya transferi və inkişaf təcrübəsini təmin edə bilər.
Jurnalist T.Məmmədovanın AZƏRTAC üçün hazırladığı mövzu ilə bağlı suallarına Çin iqtisadiyyatı üzrə ekspert, Çin Qloballaşma Mərkəzinin baş elmi işçisi, “China Cities Bluebook Consulting” şirkətinin təsisçisi Eynar Tangen cavab verib. Müsahibəni təqdim edirik:
- Azərbaycan BRICS-ə qoşulmaqla hansı iqtisadi fayda əldə edə bilər?
- BRICS 2001-ci ildə iqtisadi və siyasi əməkdaşlığa diqqət yetirmək üçün bir araya gələn inkişaf etməkdə olan ölkələr qrupudur. İqtisadi və siyasi baxımdan bir blok olaraq bu ölkələr inkişaf etmiş ölkələrlə münasibətlərdə daha çox təsir rıçaqlarına malik idilər. 2010-cu ildə Cənubi Afrikanın qoşulması ilə təşkilat qlobal cənubdakı problemlərin həlli üçün güclü bir səsə çevrildi. Gözləntilər fərqli idi. BRIC terminini ortaya qoyan iqtisadçı Jim O'Neill 2050-ci ilə qədər dörd BRIC iqtisadiyyatının dünya iqtisadiyyatına hakim olacağına inanırdı. İnkişaf etmiş ölkələr isə bunu inkişaf etmək istəyən ölkələrin işlək birliyi hesab edirdilər. BRICS abreviaturası assosiasiyaya daxil olan ölkələrin adlarından meydana gəlib. Əvvəlcə bu qrupa 4 ölkə - Braziliya, Rusiya, Hindistan, Çin daxil idi. 2011-ci ildə Cənubi Afrika qrupa qoşuldu və təşkilat BRICS adını aldı. 2024-cü il yanvarın 1-də BRICS dörd yeni üzv qəbul etdi: Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirlikləri. BRICS qlobal ÜDM-in 37,3 faizini təşkil edir ki, bu da Aİ-nin 14,5 faizdən 2,5 dəfə çoxdur və əhali baxımından dünya əhalisinin 40 faizini təşkil edir. O vaxtdan bəri bir çox ölkələr bu struktura qoşulmağa tələsir. Azərbaycanın bu iddiası qismən Ermənistanla yaşadığı münaqişəyə reaksiyadır və bu, hər iki tərəf üçün yeni siyasi dinamika yaradıb. Əsas üstünlük ondan ibarətdir ki, qlobal sərvət, istehsal, bazarlar və artım Şərqə və Cənuba doğru irəlilədikcə, Azərbaycanın iqtisadi baxımdan bu təşkilata daha yaxın olması məntiqlidir. Cənubi və Mərkəzi Asiyada qlobal inkişafa diqqət yetirən yeni BRICS inkişaf bankının yaradılması xoş bir əlavədir. “BRICS Plus”un alternativ əməliyyat valyutası üzərində gördüyü işlər həm də cəlbedicidir ki, bu, Azərbaycana ticarət hesablaşma ehtiyacları baxımından imkanlar verəcək. Rəsmi Bakının strateji yeri və iqtisadiyyatını şaxələndirmək istəyi “BRICS Plus”un Avrasiya və cənub əlaqələri ilə bağlı baxışı ilə üst-üstə düşür.
- BRICS ölkələrinin iqtisadiyyatları ilə əməkdaşlıqdan Azərbaycan iqtisadiyyatının hansı sektorları daha çox faydalana bilər?
- Azərbaycanın ixracı əsasən regional xarakter daşıyır və öz bazarlarını Çin, Şərqi Asiya və Mərkəzi Asiyaya genişləndirməklə fayda götürəcək. Bu, BRICS-in geniş infrastrukturu sayəsində mümkündür. Bir çox başqa ölkələr kimi, Azərbaycan da təkrar emal vasitəsilə istehsal dövrünün sonunda dəyər əlavə etməklə qazanc əldə edə bilər. Çin və Rusiya avadanlıqlarından istifadə etməklə bu əlavə dəyər iş yerləri və əlavə dəstək müəssisələri yaradacaq. Azərbaycanın Avrasiyanın mərkəzində strateji mövqeyi onu Çinin iddialı “Bir kəmər, bir yol” təşəbbüsünün kritik həlqəsinə çevirir. Azərbaycanın inkişaf etmiş nəqliyyat infrastrukturu, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu və Orta Dəhliz kimi tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çinin Avropaya alternativ ticarət yolları yaratmaq istəyini tamamlayır.
- BRICS Azərbaycana yaşıl enerji sahəsində əməkdaşlıq istiqamətində hansı perspektivlər aça bilər?
- 2023-cü ildə Azərbaycanda bir sıra su elektrik stansiyaları, külək elektrik stansiyaları, günəş elektrik stansiyaları quraşdırılıb. Hazırda ölkədə bərpaolunan enerjinin quraşdırılmış gücü 4,5 MVt təşkil edir. Azərbaycan 2023-cü ildə ilk böyük günəş elektrik stansiyasının quraşdırılmasına başlayıb. Ölkənin günəş enerjisi potensialı günəşli günlərin sayını nəzərə alsaq, kifayət qədər yüksəkdir. Ölkə yerli istehsal olunan təbii qazdan çox asılı olsa da, daha çox bərpaolunan mənbələr yaratmağa çalışır. Nisbətən kiçik əhaliyə malik geniş ərazi onu elektrik avtomobilləri üçün daha az, hibrid avtomobillər və yük maşınları üçün isə daha uyğun edir. Bol qaz təchizatı, əla günəş şəraiti nəticəsində, qaz desorbsiya və ya elektroliz yolu ilə hidrogen hasilatı məqsədəuyğundur. Perspektivlərə günəş və külək texnologiyaları sahəsində Çin təcrübəsindən yararlanaraq bərpaolunan enerji sahəsində əməkdaşlıq da daxildir. Bu, Azərbaycanın 2030-cu ilə qədər enerjisinin 30 faizini bərpaolunan mənbələrdən əldə etmək məqsədinə uyğundur.
- BRICS-ə qoşulmaq Azərbaycana xarici investisiya axınına necə təsir edə bilər?
- Daha böyük bazarlara qoşulmaqla Azərbaycan özünün strateji coğrafi mövqeyindən tam şəkildə yararlana və iqtisadi fayda əldə edə biləcək. Dəmir yolu, avtomobil yolu, Xəzər dənizi əlaqələri və ucuz, etibarlı enerji onu malların istehsalı və paylanması üçün təbii mərkəzə çevirəcək. BRICS Azərbaycana qlobal məsələlərdə çıxış etmək, daha bərabər və ədalətli beynəlxalq nizamın formalaşmasına kömək etmək imkanı verir. Azərbaycanın BRICS-ə üzv olması qrupun geosiyasi təsirini artırmaqla yanaşı, Çinə böyük iqtisadi və diplomatik faydalar verəcək. Ona görə də Azərbaycanın BRICS-ə qoşulmaq niyyətini Çinin dəstəkləməsi təəccüblü deyil.
- Azərbaycan BRICS-in inkişafında hansı rolu oynaya bilər?
- “BRICS Plus” konsensus yolu ilə inkişafdır. Bununla Azərbaycan iqtisadi inkişafın xeyrinə ideoloji fərqləri bir kənara qoyan qrupun tərkibində olacaq. “BRICS Plus” hərbi ittifaq olmadığı üçün təhlükəsizlik və siyasət gündəmdə olmayacaq. Beləliklə, bu, ticarət infrastrukturunun qurulması, ticarət sürtünmələrinin və maneələrin azaldılması və beləliklə, iqtisadi əlaqələrin genişləndirilməsi üçün kollektiv səy olacaqdır. Bakının daha sabit konsorsiumlar yaratmaq üçün digər “BRICS Plus” ölkələri ilə işləmək imkanları olacaq. Bu konsorsiumlar əmtəə qiymətlərinin iştirakçı tərəflərə öz inkişafını, iqlim dəyişikliyini və sosial ehtiyaclarını maliyyələşdirməyə imkan verməsini təmin edə biləcəklər.