CƏMİYYƏT
Cinayət işi baxılması üçün məhkəməyə göndərilmişdir
Bakı, 3 aprel (AZƏRTAC). Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində iş icraçısı Müqayis Verdiyevin qanunsuz hərəkətləri ilə bağlı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə başlanmış cinayət işinin istintaqı yekunlaşmışdır.
İstintaq zamanı M.Verdiyevin etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Bakı şəhərində fiziki şəxslərdən 59 min manat dəyərində müxtəlif növ tikinti materiallarını, habelə Goranboy rayonu ərazisində aparılan tikinti-abadlıq işlərini həyata keçirən 27 usta və fəhlənin əmək haqlarının ödənilməsi üçün “Fəqan Xidmət Təşkilatı” MMC-dən nağd qaydada aldığı 21 min 138 manat məbləğində pulu mənimsəməsində və fiziki şəxs kimi 7 min 298 manat məbləğində vergiləri ödəməkdən yayınmasında şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq), 179.3.2-ci və 213.1-ci (vergi ödəməkdən yayınma) maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.