“Clarivate Analytics” agentliyi AMEA-nın əməkdaşları üçün seminarlara başlayıb
Bakı, 2 may, AZƏRTAC
Mayın 2-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti Aparatının Beynəlxalq Əlaqələr İdarəsinin təşkilatçılığı ilə “Clarivate Analytics (Thomson Reuters)” agentliyi tərəfindən AMEA-nın elmi müəssisələrinin əməkdaşları üçün ikigünlük seminara başlanılıb.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, iki qurum arasında mövcud əməkdaşlıqdan danışan akademik Dilqəm Tağıyev agentliyin “Web of Science” məlumat bazasının ölkəmiz üzrə istifadəçilərinin sayının artdığını qeyd edib. D.Tağıyev yüksək indeksli nəşrləri özündə birləşdirən etibarlı baza kimi “Web of Science” məlumat platformasından istifadənin əhəmiyyətini vurğulayıb. Seminarda Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev, “Clarivate Analytics” agentliyinin Azərbaycan üzrə nümayəndəsi və elmi-informasiya resursları üzrə eksperti Aygün Babazadə çıxış ediblər.
Sonra Ukrayna Milli Elmlər Akademiyasının Molekulyar Biologiya və Genetika İnstitutunun baş elmi işçisi, “Biopolymers and Cell” jurnalının redaksiya heyətinin rəhbəri İrina Tixonkovanın məruzəsi dinlənilib. Ukraynalı mütəxəssis akademik bütövlük - yırtıcı jurnallar və onlarla mübarizə üsulları, jurnalların seçilməsi və qiymətləndirilməsi üzrə praktik tövsiyələr, nəşriyyat xərcləri, əlyazmanın tərtibatı, tədqiqatçı və elmi təşkilatın nailiyyətlərinin davamlı təqdimatı, tədqiqat və nəşr dövriyyəsinin əsas mərhələləri, müəllifin, rəyçinin və redaktorun hər bir mərhələdə rolu, nəşriyyat prosesində müəlliflərin ən çox yol verdiyi səhvlər haqqında danışıb.
Seminarın ikinci günündə İrina Tixonkova “Müasir elmi jurnallar: atributlar, göstəricilər, məqsəd və perspektivlər” mövzusunda məruzə ilə çıxış edəcək. Alim elmi jurnalların yoxlanılması, keyfiyyət və səviyyələrinin qaldırılması istiqamətində praktik tövsiyələr, “Web of Science” bazasına daxil olmaq üçün jurnallar qarşısında qoyulan şərtlər və meyarlar, elmi jurnalların əsas elmi və texniki göstəricilərinin təsnifatı, elmi jurnalların biznes modelləri haqqında məlumat verəcək.