ELM VƏ TƏHSİL
Coğrafiya, alman dili və riyaziyyat fənləri üzrə işçi qruplarının iclasları keçirilib

Bakı, 21 oktyabr, AZƏRTAC
Oktyabrın 21-də Dövlət İmtahan Mərkəzində (DİM) coğrafiya, alman dili və riyaziyyat fənləri üzrə işçi qruplarının iclasları keçirilib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, coğrafiya və riyaziyyat fənləri üzrə gündəlik məsələ ali təhsil müəssisələrinə qəbul imtahanı proqramlarının, alman dili fənni üzrə isə 11 illik (tam orta) təhsil bazasından buraxılış imtahanı proqramının təsdiqi olub.
Müzakirələrdən öncə respublikanın ümumtəhsil müəssisələrində qüvvədə olan dərsliklərə baxılıb və həmin dərsliklərin 2022-ci il nəşrləri ilə əvvəlki illərin nəşrləri müqayisə edilərək fərqlər müəyyən olunub. 2023-cü ildə imtahan verəcək abituriyentlər tədris prosesində bu dərsliklərin əvvəlki illərdə çap olunmuş nəşrini istifadə etdikləri üçün müəyyən edilmiş dəyişikliklər proqramda nəzərə alınmır.
İştirakçılar müzakirə edilən məsələlərlə bağlı fikirlər bildirib və təkliflər veriblər.
Növbəti iclaslarda müzakirələr davam etdiriləcək.