Coğrafiyaçı alimlər demoqrafiya mövzusuna həsr olunmuş beynəlxalq forumda çıxış ediblər





Bakı, 30 may, AZƏRTAC
Rusiya Federasiyasının Voronej şəhərində Dövlət Meşə-Texniki Universitetinin təşkilatçılığı ilə keçirilən “Demoqrafiya və qlobal çağırışlar” mövzusunda III beynəlxalq demoqrafik forumda Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru professor Zakir Eminov və baş elmi işçi Etibar Bədəlov iştirak ediblər.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, forumda qlobal dünyada demoqrafik dəyişikliklər, iqtisadi-demoqrafik, coğrafi, siyasi və sosioloji tədqiqatlar, əhaliyə tibbi-demoqrafik proseslərin təsiri insanların reproduktiv sağlamlığı, ailələrə və ailə dəyərlərinə dəstək məsələləri hüquqi, psixoloji və sosial tədqiqatlar, həmçinin müasir geodemoqrafik proseslərin dinamikası sahəsində geniş müzakirələr aparılıb.
Konfransın plenar iclasında professor Z.Eminov “Azərbaycan Respublikasında demoqrafik inkişaf və məskunlaşmanın regional problemləri”, E.Bədəlov “Azərbaycan və qonşu ölkələrin şəhər əhalisinin demoqrafik dəyişikliyi” mövzularında məruzə ilə çıxış ediblər. 30-a qədər ölkənin son 50 ildə urbanizasiya prosesləri və şəhər məskunlaşması, aqlomerasiya və meqalopolislərin formalaşması, həmçinin son on illərdə baş verən demoqrafik proseslərin inkişaf xüsusiyyətləri slayd vasitəsilə təqdim edilib.