İQTİSADİYYAT
COP29 çərçivəsində “Metan emissiyalarının azaldılması məqsədilə 6-cı maddəyə əsaslanan iqlim maliyyəsi” mövzusunda tədbir keçirilib
Bakı, 14 noyabr, AZƏRTAC
Bakıda keçirilən COP29 çərçivəsində SOCAR-ın təşkilatçılığı ilə “Metan emissiyalarının azaldılması üçün iqlim maliyyəsi haqqında Maddə 6-dan faydalanmaq” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan energetika nazirinin müavini Elnur Soltanov metan emissiyasının azaldılması barədə həyata keçirilən işlərdən danışıb.
Qeyd olunub ki, metan emissiyasının azaldılması istiqamətində görülən işlərin maliyyələşməsi əhəmiyyətlidir. Sərmayədarlar, yerli və beynəlxalq maliyyə institutları bu məsələni diqqətdə saxlayaraq problemin aradan qaldırılmasında yaxından iştirak etməlidirlər.
SOCAR-ın vitse-prezidenti Əfqan İsayev çıxış edərək təmsil etdiyi şirkətin metan emissiyasının azaldılması üçün maliyyə mənbələrinin inkişafı barədə danışıb. Qeyd olunub ki, hər bir şirkət bu məsələni gündəlikdə saxlamalı və emissiyanın azaldılması üçün maliyyə ayırmalıdırlar. Sonra metan emissiyasının azaldılması haqqında təqdimat olub.
Dünyada və ayrı-ayrı iri şirkətlər tərəfindən görülən tədbirlər, metanın ekoloji mühitə təsiri, onun azaldılması və sıfır emissiyaya nail olmağın yolları barədə məlumat verilib. Nəzərə çatdırılıb ki, metan qazının tullantıları temperaturun yüksəlməsinə səbəb olan amillərdən biridir və onun atmosferə atılmasının qarşısı tədricən alınmalı və sıfır emissiyaya doğru irəliləmək lazımdır. Bu işdə yeni texnologiyaların tətbiqi də zəruridir.
Təqdimatdan sonra müzakirələr başlayıb. Müzakirələrdə “SOCAR Trading” şirkətinin nümayəndəsi Taleh Musayev, Beynəlxalq Ətraf Mühitin Mühafizəsi Fondunun vitse-prezidenti Mark Brovensten, “Standard Chattered” bankının davamlılıq üzrə rəhbəri Marisa Diruy, Neft və Qaz İqlim Təşəbbüsü Təşkilatının (OGCİ) icraçı direktoru Julyen Peres və başqaları iştirak ediblər.
Müzakirələrdə nəzərə çatdırılıb ki, hazırda metan emissiyasi 19 faiz təşkil edir ki, bu da çox problemlidir. Bu faizin azaldılması üçün mütləq maliyyələşmə lazımdır.