COP29
COP29-da İtki və Zərər Fondunun tam fəaliyyətə başlamasını təmin edən qərar qəbul olunub
Bakı, 23 noyabr, AZƏRTAC
Bakıda tarixi qərar verilib. Belə ki, COP29-da inkişaf etməkdə olan ölkələrin, o cümlədən kiçik ada, ən az inkişaf etmiş və Afrika dövlətlərinin səbirsizliklə gözlədiyi İtki və Zərər Fondunun tam fəaliyyətə başlamasını təmin edən qərar qəbul olunub. Bu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən iqlim dəyişmələrinin fəsadlarının kiçik ada ölkələrinə törətdiyi çətinliklərin həlli məsələsinin COP29 Sədrliyinin prioriteti kimi müəyyən edilməsinə uyğundur.
AZƏRTAC xəbər verir ki, İtki və Zərər Fondunun (Loss and Damage Fund) yaradılması Misirdə keçirilmiş COP27 zamanı qərara alınmışdır. Fond iqlim dəyişmələrinin təsirlərinə ən həssas ölkələrə maliyyə yardımı göstərmək məqsədi daşıyır.
Birləşmiş Ərəb Əmirliklərində keçirilmiş COP28 zamanı Fondun fəaliyyətə başlaması ilə bağlı qərar qəbul olunub.
COP29 Sədrliyi İtki və Zərər Fondunun fəaliyyətinin təmin edilməsi istiqamətində mühüm addımlar atmış, İdarə Heyəti və Dünya Bankı ilə sıx əməkdaşlıq etmişdir. Cari ilin sentyabrında Fondun İdarə Heyətinin Bakıda keçirilmiş 3-cü iclası zamanı Fondun fəaliyyətə başlaması üçün vacib tədbirlər görülmüş, Fondun icraçı direktoru vəzifəsinə İbrahima Şeyx Dionqun təyin edilmişdir.
COP29 çərçivəsində isə İtki və Zərər Fondu ilə bağlı bir sıra mühüm sazişlər imzalanmışdır. Bunlar Fondun İdarə Heyəti ilə Dünya Bankı arasında “Qəyyumluq Sazişi” və “Katibliyin Ev Sahibliyi Sazişi”, eləcə də Fondun İdarə Heyəti ilə ev sahibi ölkə olan Filippin Respublikası arasında imzalanmış “Ev Sahibi Ölkəyə dair Saziş”dir.
Hazırda Fonda vəd edilən ümumi maliyyə dəstəyinin məbləği 731,15 milyon ABŞ dollarından artıqdır.
Əldə edilən bu nailiyyətlərlə İtki və Zərər Fondu 2025-ci ildən etibarən layihələri maliyyələşdirə biləcək. Bu, Azərbaycanın COP29 Sədrliyinin növbəti uğurudur.