COP29
COP29 iştirakçısı: Asiya və Avropa arasında körpü olan Azərbaycanın inkişaf etmiş mədəniyyəti var
Bakı, 23 noyabr, AZƏRTAC
Biz COP29-da iştirak edərək icmalarımıza iqlim dəyişikliyinə uyğunlaşmaqda kömək edəcək dəstəklər axtarırıq. Eyni zamanda, bu prosesdə bizə nəyin kömək edə biləcəyini öyrənirik. Bu sahədə ən kritik məsələlərdən biri, iqlim dəyişikliyindən təsirlənən inkişaf etməkdə olan ölkələr üçün maliyyə dəstəyinin təmin edilməsidir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində COP29 iştirakçısı, Afrika Kənd Təsərrüfatı Texnologiyası Fondunun nümayəndəsi Vitumbiko Chinoko deyib.
O vurğulayıb ki, Afrika Kənd Təsərrüfatı Texnologiyası Fondu 24 ölkədə fəaliyyət göstərir. “Ölkəmizdə iqlim dəyişikliyinin təsirləri nəticəsində biomüxtəlifliyin pozulması, torpaqla bağlı problemlər və məhsuldarlığın aşağı düşməsi müşahidə olunur. Torpağın münbitliyinin pisləşməsi məhsuldarlığımıza və iqtisadiyyatımıza ciddi şəkildə mənfi təsir edir”, – deyə o bildirib.
Vitumbiko Chinoko ilk dəfə Azərbaycana səfər etdiyini vurğulayaraq ölkəmiz haqqında təəssüratlarını bölüşüb: “Ölkəniz haqqında əvvəllər məlumatsız olsam da, Azərbaycanı çox bəyəndim. Asiya və Avropa arasında körpü olan bu ölkənin inkişaf etmiş mədəniyyəti, dadlı yeməkləri, mehriban insanları və zəhmətkeş könüllüləri var”.