CƏMİYYƏT
COP29-la bağlı həm tədbirin keçirildiyi məkanda, həm də hotellərdə təcili və təxirəsalınmaz tibbi yardım briqadaları xidmət edəcək
Bakı, 30 oktyabr, AZƏRTAC
COP29 konfransı ərəfəsində zəhərlənmə ehtimalları üzrə Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsində müvafiq tibbi xidmətin göstərilməsi üçün çarpayılar ayrılıb.
AZƏRTAC xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov COP29 konfransı çərçivəsində tibbi xidmətlərin təşkilinə dair keçirilən brifinqdə deyib.
V.Qurbanov bildirib ki, Dövlət Turizm Agentliyi ilə əməkdaşlıq çərçivəsində COP29 ilə əlaqədar Atletlər kəndində gələcək qonaqların təhlükəsizliyinin təmin edilməsi, təcili tibbi yardım xidmətlərinin təşkil olunması və tibb məntəqəsinin qurulmasına dair işlər görülüb:
"Tədbir zamanı təcili tibbi yardım göstərəcək 60 briqada (həkim, orta tibb işçisi, sürücü) üçün nəzərdə tutulan əməkdaşların siyahısı hazırlanıb, eləcə də nəzərdə tutulan 60 ədəd yeni ambulans (İVECO markalı) artıq təhkim olunub. Onu da qeyd edim ki, COP29 tədbiri ilə bağlı həm ayrılmış hotellərdə, həm də tədbirin keçirildiyi məkanda təcili və təxirəsalınmaz tibbi yardım briqadaları xidmət edəcək. Bütün nöqtələr üzrə ambulanslar hərəkət edəcəyi halda isə əvəzedici ehtiyat ambulans və briqadalar da hazır vəziyyətə gətirilib”.
V.Qurbanov, həmçinin vurğulayıb ki, Təcili və təxirəsalınmaz tibbi yardım (TTTY) xidməti göstərəcək heyət üçün nəzərdə tutulan təməl və təkmil həyat dəstəyi üzrə təlimlər keçirilib, 488 nəfər artıq təlimləri uğurla başa vurub. Bura həkimlər, orta tibb işçiləri və sürücülər daxildir. O bildirib ki, dil bilgilərini təkmilləşdirmək üçün isə ingilis dili kurslarında 331 nəfər iştirak edib.