CƏMİYYƏT
COP29 Sədrliyi və Çoxtərəfli İqlim Fondları iqlim təsirinin fəsadları ilə bağlı birgə tədbir keçirib
Bakı, 14 noyabr, AZƏRTAC
Noyabrın 14-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində COP29 Sədrliyi və MCF-nin (Çoxtərəfli İqlim Fondları) “İqlim təsirini sürətləndirmək” adlı birgə tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən COP29-un baş danışıqçısı Yalçın Rəfiyev bu gün iqlim dəyişmələri ilə mübarizənin ən mühüm aspektlərinin birinin - iqlim maliyyəsinin müzakirə edildiyini bildirib. Qeyd edib ki, iqlim maliyyəsi qlobal enerji keçidini, eləcə də karbon emissiyasının azaldılmasını və iqlimə davamlı gələcəyi təmin etmək üçün olduqca zəruridir. Adətən iqlim layihələrinə riskli investisiya kimi baxılır və bu zaman da maliyyə xərcləri artır, ancaq investisiyalar azalır.
Y.Rəfiyev bu məsələdə Çoxtərəfli İqlim Fondunun çox böyük rolu olduğunu qeyd edib. O diqqətə çatdırıb ki, MCF özündə çoxlu sayda iqlimlə bağlı fondları birləşdirir: “Bu illər ərzində bu fondlar birlikdə iqlimə 50 milyard dollardan çox investisiya ediblər”.
COP29-un baş danışıqçısı Çoxtərəfli İqlim Fondunun öz fəaliyyətini dərin əməkdaşlığa fokuslanaraq davam etdirəcəyinə əmin olduğunu deyib.
Yaşıl İqlim Fondunun (Green Climate Fund) icraçı direktoru Mafalda Duarte bildirib ki, COP konfranslarında iqlim maliyyə fondları ikinci dəfə bir araya gəlir: “COP28-də biz vacib çağırışla çıxış etdik. Bu çağırışda biz gələcək planlarımıza nəzər saldıq. Mən uzun illərdir ki, iqlim sahəsində çalışıram və öz təcrübəmə əsasən deyə bilərəm ki, bizə lazım olan ən mühüm məsələ inkişaf etməkdə olan ölkələrin iqlim maliyyəsi ilə bağlı ehtiyacını qarşılamaqdır”.
M.Duarte uzun müddətdir ki, iqlim maliyyəsinə çıxış imkanlarının çətinliyindən bəhs edildiyini vurğulayaraq deyib: “İqlim maliyyəsi milyonlarla təşkilatları əhatə edir. Qeyd edim ki, iqlim maliyyəsi ilə təkcə iqlimlə bağlı təşkilatlar məşğul olmur. Ən vacib məqam bundan ibarətdir ki, biz bütün maraqlı tərəflər bir araya gələrək iqlim maliyyəsinə asan çıxışları təmin etməliyik”.
Adaptasiya Fondunun sədri Mikko Ollikaynen uzun illərdən bəri müxtəlif iqlim maliyyə fondları birlikdə fəaliyyət göstərdiyini qeyd edib: “İqlim böhranının artdığı bir vaxtda biz iqlim maliyyəsinə asan çıxış yollarını təmin etməliyik. Bu sahədə əldə etdiyimiz nəticələrdən məmnunam. Əlimizdə olan bütün resursları iqlim maliyyəsinə yönləndirməliyik. Bizim Adaptasiya Fondumuz da iqlim maliyyəsinə lazım olan töhfəni verməyə hazırdır və bu sahədə də biz başqa fondlarla da əməkdaşlıq edirik”.