COP29
COP29 Sədrliyi və UNCTAD arasında BICFIT təşəbbüsü sahəsində əməkdaşlığa dair niyyət məktubu imzalanıb VİDEO
Nyu-York, 27 sentyabr, AZƏRTAC
BMT Baş Assambleyasının 79-cu sessiyası və Nyu-York İqlim Həftəsi çərçivəsində COP29-un Prezidenti Muxtar Babayev və təşkilatın Ticarət və İnkişaf Konfransının Baş katibi Rebeka Qrinspan arasında ikitərəfli görüş keçirilib.
AZƏRTAC-ın məlumatına görə, görüş zamanı COP29-un İqlim maliyyəsi, investisiya və ticarət üzrə Bakı Təşəbbüsünə (BICFIT) dair fikir mübadilələri aparılıb. Qeyd olunub ki, COP29 üzrə BMT-nin təsis etdiyi müvafiq Qlobal İşçi Qrupunda təmsil edilən BMT-nin Ticarət və İnkişaf Konfransı (UNCTAD) və BMT-nin İnkişaf Proqramı Azərbaycanın irəli sürdüyü BICFIT təşəbbüsü üzrə BMT tərəfindən əlaqələndirici rolunu oynayırlar. Bununla yanaşı, görüşdə COP29 Prezidentliyinin bu təşəbbüs üzrə Ümumdünya Ticarət Təşkilatı, Beynəlxalq Ticarət Mərkəzi və digər beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq etdiyi deyilib.
Muxtar Babayev bildirib ki, COP29 Sədrliyi ilk dəfə olaraq İqlim maliyyəsi, investisiya və ticarət üzrə tematik gün təşkil edəcək. Onun sözlərinə görə, Ticarət və İnvestisiya Evi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı və ÜTT, BMT‐nin Ticarət və İnkişaf Təşkilatı, Beynəlxalq Ticarət Mərkəzi və Beynəlxalq Ticarət Palatası kimi tərəfdaşlarla əməkdaşlıqda təşkil olunacaq.
Daha sonra o, COP29 Prezidentliyi tərəfindən təklif edilən yeni innovativ BICFIT təşəbbüsünün əhəmiyyətindən bəhs edərək vurğulayıb ki, bu təşəbbüsün əsas məqsədi iqlim maliyyəsi, investisiya, ticarət və dayanıqlı inkişaf məsələlərini bir araya gətirərək qlobal sinerjinin təmin edilməsidir.
Muxtar Babayev deyib ki, COP29 Prezidentliyi bütün təşəbbüslərə dair tərəflərlə geniş məsləhətləşmələr keçirir və sentyabrın 13-də İsveçrənin Cenevrə şəhərində Ümumdünya Ticarət Təşkilatının Qlobal İctimai Forumu çərçivəsində ölkələrin və digər bütün tərəfdaşların iştirakı ilə BICFIT təşəbbüsünə dair xüsusi sessiya təşkil edilib.
BMT‐nin Ticarət və İnkişaf Konfransının Baş katibi Rebeka Qrinspan COP29 zamanı ilk dəfə olaraq maliyyə, investisiya və ticarət gününün vahid tematik gün qismində təşkilinə və Ticarət və İnvestisiya Evinin təşkili üçün göstərilən dəstəyə görə Azərbaycana təşəkkür edib və Azərbaycanın irəli sürdüyü BICFIT təşəbbüsünü yüksək qiymətləndirərək iqlim maliyyəsi, investisiya, ticarət və inkişaf məsələlərini bir araya gətirərək onlar arasında əlaqənin gücləndirilməsinə hədəflənən bu təşəbbüsün böyük perspektivindən bəhs edib. O, BICFIT-in dialoq komponentinin rəhbərlik etdiyi təşkilat tərəfindən iki ildən bir təşkil edilən Ümumdünya İnvestisiya Forumunun bir hissəsi olması ilə bağlı COP29 Prezidentliyinin təklifini alqışlayıb.
Görüşün sonunda tərəflər arasında BICFIT təşəbbüsünün digər tərəfdaşlarla sıx əməkdaşlıqda irəlilədilməsi üzrə əməkdaşlığa dair müvafiq niyyət məktubu imzalanıb.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Nyu-York