İQTİSADİYYAT
COP29-un İqlim üzrə yüksək səviyyəli çempionu: Yaşıl iqtisadiyyata keçid böyük biznes imkanları yaradacaq
Bakı, 9 sentyabr, AZƏRTAC
İqlim dəyişikliyi gələcəyin problemi deyil. Hazırda milyonlarla insanın həyatına mənfi təsir edən amildir. Artıq iqlim dəyişikliyi ilə mübarizə məsələsində tək dövlətlər deyil, cəmiyyətin bütün fərdləri aktiv iştirak etməlidirlər.
AZƏRTAC xəbər verir ki, bunu COP29-un İqlim üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai “Yaşıl iqtisadiyyatda kiçik və orta biznesin rolu” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, qlobal iqlim fəaliyyətinin effektivliyi dövlətlərlə bütün digər aktorların, xüsusilə də özəl sektorun dialoqundan asılıdır.
“Bildiyiniz kimi COP29-un əsas mövzusu iqlimin maliyyələşdirilməsidir. Bu məsələdə özəl sektorun rolu danılmazdır və illər keçdikcə də bunun rolu böyüyür. Dövlət və özəl maliyyə resursları arasında əməkdaşlığı təşviq etmək və bu yolla iqlim dəyişikliyinin təsirlərini səmərəli şəkildə azaltmaq önəmlidir. Eyni zamanda, özəl sektorun da bu istiqamətdə təşəbbüs göstərməsi, yeni texnoloji həlləri təqdim etməsi, dayanıqlı infrastruktur və iqlim layihələrinə sərmayə yatırmasına zərurət var. Qarşıda duran vəzifələr həm şəffaf öhdəliklər, həm də iqlim dəyişikliyi ilə mübarizə üzrə hədəflərimizin aktuallığı ilə uyğunlaşan ciddi planların hazırlamağını tələb edir. Yaşıl iqtisadiyyata keçid bir çox çağırışlarla müşayiət olunur. Bu keçid böyük biznes imkanlarının yaranmasına da səbəb olacaq. Biz COP29 Sədrliyi komandası olaraq özəl sektorun qlobal iqlim fəaliyyətinə cəlb olunmasına xüsusi önəm veririk. Bu istiqamətdə həm böyük şirkətlərlə, həm də kiçik və orta biznes nümayəndələri ilə yaşıl iqtisadiyyatın yaratdığı imkan və çağırışlara uyğunlaşma məsələsini daim müzakirə edirik”, - deyə Nigar Arpadarai vurğulayıb.