CƏMİYYƏT
COP29-un iştirakçısı: “Küləklər şəhəri”nin xüsusi atmosferində keçirilən bu tədbir hər mənada fərqlidir və çox xoş təəssürat yaradır
Bakı, 11 noyabr, AZƏRTAC
Azərbaycanda keçirilən COP29 İqlim Konfransının təşkilatçılığı çox yüksək səviyyədədir və olduqca heyrətamizdir. Konfransın mədəni müxtəlifliyi də diqqətəlayiqdir. Bu təcrübə bizim üçün çox əhəmiyyətlidir və düşünürəm ki, burada olmaq bizə çox şey qazandırır. “Küləklər şəhəri”nin xüsusi atmosferində keçirilən tədbir hər mənada fərqlidir və çox xoş təəssürat yaradır. Bu təcrübə mədəni müxtəlifliyin və fərqli ölkələrdən insanların bir araya gəlməsinin müsbət tərəflərini göstərir.
Bu sözləri COP29-un Syerra-Leonedən olan iştirakçısı Emmanuel Elogima Vandi AZƏRTAC-a açıqlamasında deyib.
İqlim dəyişmələrinə qarşı mübarizədə tədbirin əhəmiyyətini vurğulayan qonaq bildirib: “Biz buraya ölkəmizi təmsil etmək üçün gəlmişik. Bu, konfrans çərçivəsində həm təkliflərimizi irəli sürməyə, həm də iştirakçı ölkələrin fərqli perspektivlərini təqdim etməyə imkan yaradır. COP29 Konfransı iqlim dəyişikliyi mövzusunda geniş müzakirələrin aparılması üçün vacib platformadır. Eyni zamanda, COP29 Azərbaycanda iqtisadi potensialı artırmaq üçün böyük bir fürsət təqdim edir. Bu konfrans iqtisadi cəhətdən böyük imkanlar yarada, ticarətin və biznes axınının güclənməsinə təkan verə bilər. Azərbaycanın iqtisadi potensialının dünyaya inteqrasiyası baxımından bu tədbir əvəzsiz təcrübə olacaq. Bu baxımdan COP29-a ev sahibliyi etmək Azərbaycan üçün iqtisadi inkişaf və mədəni əlaqələrin genişlənməsi baxımından böyük fürsət kimi də dəyərləndirilə bilər”, - deyə Emmanuel Elogima Vandi əlavə edib.