CƏMİYYƏT
COP-29-un baş danışıqçısı: Əminəm ki, “Troyka” nəticəsində biz möhkəm, davamlı və hamı üçün ədalətli gələcək qura biləcəyik
Bakı, 13 noyabr, AZƏRTAC
“Birləşmiş Ərəb Əmirliklərinə və Braziliyaya bizimlə birlikdə COP29 çərçivəsində apardıqları ardıcıl əməkdaşlığa görə dərin təşəkkürümüzü bildiririk”.
AZƏRTAC xəbər verir ki, bunu COP-29-un baş danışıqçısı COP29 çərçivəsində keçirilən Yalçın Rəfiyev “COP sədrlikləri Üçlüyünün yüksəksəviyyəli dialoqu: Ortaq rifahın gələcəyinə doğru Missiya 1,5 üçün Yol Xəritəmiz” adlı tədbirdə deyib.
O bildirib ki, üçlük il ərzində ambisiyaların irəliləməsi, siyasi impulsun artırılması və problemlərin həlli istiqamətində aydın bir trayektoriya izləyərək səylə çalışıb: “Bu il Kopenhagendə “Troyka”nın rəsmi təqdimatı oldu və biz bütün tərəfləri iqlim fəaliyyətinin bütün sütunlarını, xüsusən də təsirlərin yumşaldılması və ədalətli keçid, uyğunlaşmaya inandırdıq. Müəyyənləşdirilmiş Milli Töhfələrə güclü diqqət ayrıldı.
Ümumiyyətlə, “Troyka” qlobal iqlim gündəmlərində sinerji yaratmaq, həm ambisiya, həm də maliyyə mexanizmlərini irəli aparmaq, eyni zamanda kritik icra problemlərini həll etmək və inkişaf etməkdə olan ölkələrin iqlimə davamlılığını artırmaq üçün fəaliyyət həyata keçirir. Əminəm ki, “Troyka” nəticəsində biz möhkəm, davamlı və hamı üçün ədalətli gələcək qura biləcəyik və gələcək COP tədbirləri üçün möhkəm gündəlik təmin edəcəyik”, - deyə Yalçın Rəfiyev deyib.
Qeyd edək ki, “Troyka” ölkələrinə Birləşmiş Ərəb Əmirlikləri (COP28), Azərbaycan Respublikası (COP29) və Braziliya (COP30) daxildir.