CRDF ÖLKƏMİZLƏ ƏMƏKDAŞLIĞIN GENİŞLƏNDİRİLMƏSİNDƏ MARAQLIDIR
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, nazir Heydər Babayev ABŞ-ın Mülki Tədqiqatlar və İnkişaf Fondunun (CRDF) prezidenti xanım Keti Kempel ilə görüşmüşdür.
Fondun idarə heyətinin üzvü Fred Conson və layihə rəhbəri Eldar İmanverdiyevin də iştirak etdiyi görüşdə iqtisadiyyatın müxtəlif sahələrinin inkişaf etdirilməsi sahəsində elmin tətbiqi imkanları və əməkdaşlıq perspektivləri müzakirə olunmuşdur.
Nazir ölkəmizdə elmi potensialın artırılması və Azərbaycan elminin beynəlxalq elm məkanına inteqrasiyasının sürətlənməsi sahəsində çoxsaylı tədbirlərin həyata keçirildiyini vurğulamışdır. Qeyd olunmuşdur ki, Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan elmində islahatların aparılması ilə bağlı Dövlət Komissiyasının yaradılması haqqında” 2008-ci il 10 aprel tarixli Sərəncamı ölkədə elmin inkişafı istiqamətində atılan növbəti addımdır. Elmi ictimaiyyət tərəfindən razılıqla qarşılanmış bu sənəd elmin inkişafı üzrə milli strategiyanın həyata keçirilməsində olduqca əhəmiyyətlidir.
Xanım Kempel bu sərəncamla bağlı məlumatlı olduğunu bildirmiş və sənədi yüksək qiymətləndirmiş, rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə də məlumat vermişdir. Bildirmişdir ki, əvvəllər əhatə dairəsi yalnız elm sahəsi olan Fond hazırda elmin tətbiqi ilə müxtəlif sahələrin inkişaf etdirilməsi istiqamətində fəaliyyətini genişləndirir. Bu gün müxtəlif ölkələrdə qurumun 3 ofisi fəaliyyət göstərir. CRDF-nin Bakıda da ofisini açmaq niyyətindəyik. Fondun rəsmisi bunu Azərbaycanda elmin inkişafı sahəsində böyük potensialın olması ilə əlaqələndirmişdir. Qeyd etmişdir ki, CRDF-nin Bakıda ofisinin açılması elm sahəsində müxtəlif dövlət qurumları, o cümlədən Milli Elmlər Akademiyası ilə əməkdaşlığı genişləndirməyə imkan verəcəkdir.
Qonaq İqtisadi İnkişaf Nazirliyinin elmin iqtisadiyyata tətbiq edilməsi istiqamətində gördüyü işlərlə maraqlanmışdır.
Heydər Babayev məlumat vermişdir ki, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən sahibkarların investisiya layihələrinin güzəştli qaydada kreditləşdirilməsi, həmçinin Azərbaycan İnvestisiya Şirkəti tərəfindən layihələrin maliyyələşdirilməsi zamanı yüksək texnologiyaların tətbiqini nəzərdə tutan layihələrə üstünlük verilir. Bundan başqa, sahibkarlıq subyektlərinin fəaliyyətinin “bir pəncərə” prinsipi üzrə təşkili, sosial-iqtisadi inkişaf siyasətinin elmi əsaslandırılması məqsədi ilə yaradılmış İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun fəaliyyəti də elmin iqtisadiyyata tətbiqi ilə bağlıdır. Sənaye şəhərciyinin yaradılması ilə bağlı görülən işlərin yaxın zamanlarda tamamlanacağını bildirən H.Babayev burada da yüksək texnologiyalardan istifadə ediləcəyini diqqətə çatdırmışdır.
Xanım Kempel biznes inkubatorların yaradılması və fəaliyyəti sahəsində treninqlərin keçirilməsində Fondun ölkəmizə kömək göstərə biləcəyini bildirmişdir.
Görüşdə CRDF ilə əməkdaşlığın digər istiqamətlərinə dair müzakirələr aparılmışdır.
######
