REGİONLAR
Dağların alyanaq gözəli – Kükü alması










Şahbuz, 21 oktyabr, AZƏRTAC
Azərbaycanın qədim guşəsi olan Naxçıvan torpağı yeraltı və yerüstü sərvətlərlə, əvəzolunmaz nemətlərlə zəngindir. Havası, suyu təmiz olan bu diyarın torpağında boy atan bitkilər, necə deyərlər, min bir dərdin dərmanı, qəlblərin məlhəmidir. Bir sözlə, Tanrı bu məmləkətə bir-birindən dəyərli meyvələr, dərman bitkiləri, insanın sağlamlığını möhkəmləndirən təbii vasitələr bəxş edib. Dadı, tamı ilə seçilən Kükü alması da uzun illər bu nemətlər sırasında öz yerini alıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, muxtar respublikanın Şahbuz rayonun Kükü kəndi dəniz səviyyəsindən təqribən 1800-2000 metr yüksəklikdə yerləşir. Dağlar arasında qərar tutan bu yaşayış məntəqəsində yay ayları günəşli olsa da, burada dağ sərinliyini ilin hər fəslində hiss edirsən. Deyilənə görə, alma ağacı da sərin havanı sevir. Bundan başqa, təbii təsirlərlə yanaşı, ağaca qulluq göstərmək, suyunu vaxtlı-vaxtında vermək, torpağını münbitləşdirmək məhsulun dadına və keyfiyyətinə çox böyük təsir göstərir. Küküdə bağçılıqla məşğul olan sakinlər bu baxımdan böyük təcrübəyə malikdirlər. Məhz buna görədir ki, hər il payız aylarında muxtar respublikanın bazarlarında sakinlər Kükü almasını axtarır, məhz bu kəndin meyvəsini almağa çalışırlar. Ancaq bir məsələ var ki, Kükü almasını yedikdən sonra növbəti dəfə axtaracağın alma yenə də o olacaq. Çünki meyvənin ətri, dadı, tamı digərlərindən çox fərqlənir.
“Naxçıvanı qürurla paylaşırıq” layihəsinin iştirakçısı, həvəskar fotoqraf Zülfüqar Qurbanlının çəkdiyi şəkillərdən Kükü almasının gözəlliyini görmək mümkündür. Dadını isə yeyənlər bilər...