SİYASƏT
Daimi nümayəndə: Azərbaycan Ordusu yüksək dəqiqlikli silahlardan yalnız Ermənistanın atəş nöqtələrinə zərbələr endirməklə kifayətlənib
Bakı, 16 sentyabr, AZƏRTAC
Xüsusi narahatlıq doğuran odur ki, Ermənistan sərhəd yaxınlığındakı yaşayış rayonlarında öz silahlı qüvvələrini və ağır texnikasını yerləşdirməklə beynəlxalq humanitar hüququn daha bir kobud pozuntusuna yol verib. Bunu deməyə ehtiyac yoxdur ki, bu pozuntu Azərbaycanın ünvanına guya mülki infrastruktur obyektlərinin atəşə tutulması barədə əsassız ittihamları əsaslandırmağa yönəlib. Ermənistan eskalasiyanın ilk dəqiqələrindən etibarən öz təbliğat kanalları vasitəsilə bu ittihamları yaymağa çalışırdı. Bununla belə, Azərbaycan Silahlı Qüvvələri maksimum təmkin və peşəkarlıq göstərərək yüksək dəqiqlikli silahlardan yalnız Ermənistanın Azərbaycan mövqelərinə hücumlarını dəf etmək üçün onun atəş nöqtələrinə zərbələr endirməklə kifayətlənib.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev qurumun Təhlükəsizlik Şurasının iclasında Ermənistanın daimi nümayəndəsi Mqer Markaryanın ölkəmizi ittiham edən çıxışına cavabında söyləyib.
Yaşar Əliyev deyib: “Ermənistan eskalasiyanı daha da genişləndirməyə açıq-aşkar cəhd etdiyinə görə, Azərbaycan, o cümlədən müvafiq beynəlxalq tərəfdaşlarla əlaqələr vasitəsilə bir sıra addımlar atıb, həmin ərəfədə razılaşdırılmış atəşkəs rejimini bərpa etməyə xeyirxah və səmimi istəyini nümayiş etdirib. Başqa addımlarla bərabər, Azərbaycan tərəfi Ermənistanın həlak olmuş hərbi qulluqçularının nəşlərini birtərəfli qaydada qaytarmağa hazır olduğunu bildirib və bu barədə Beynəlxalq Qırmızı Xaç Komitəsini məlumatlandırıb”.