CƏMİYYƏT
Damir Muxetdinov: Məscidlərin dağıdılması və təhqir olunması bütün müsəlmanların hiddətinə səbəb olur VİDEO
Moskva, 19 sentyabr, AZƏRTAC
Dünyadakı çətin geosiyasi vəziyyətə baxmayaraq, dinlərarası sülh və harmoniya siyasətini davam etdirən Azərbaycan Respublikasının rəhbərliyinə və din xadimlərinə minnətdarıq.
Bu barədə AZƏRTAC-a Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsi sədrinin birinci müavini Damir Muxetdinov bildirib.
“Azərbaycanda müxtəlif dinlərin nümayəndələri yaşayır. Biz hər dəfə Azərbaycana gələndə vurğulayırıq ki, məscidlər də, pravoslav kilsələri də, xristianlığın digər qollarına aid kilsələr də təmir edilir və tikilir, həmçinin erməni kilsəsi saxlanılır. Bütün tədbirlərdə, konfranslarda müxtəlif konfessiyaların nümayəndələrinin yan-yana oturduğunu, bərabər hüquqlara malik olduğunu görürük. Azərbaycan Prezidenti İlham Əliyev dinlərarası ahəng məsələlərinə diqqət yetirir. O, həm məscidləri, həm də pravoslav kilsələrini ziyarət edir, onlara eyni dəstəyi göstərir”, - deyə o bildirib.
D.Muxetdinov bu siyasətin təqdirəlayiq olduğunu vurğulayıb. O əlavə edib: “Biz Qarabağın hansı vəziyyətə salındığını gördük. Qonşular bir-birinə, xüsusən də müqəddəs yerlərə hörmətlə yanaşmalıdır. Bəli, dünyada müharibələr, fikir ayrılıqları olur, lakin keçilməz qırmızı xətlər var. Dindar insan üçün bu xətlər həm də ziyarətgahdır. Məscidlərin dağıdılması, təhqir olunması, tövləyə çevrilməsi bütün müsəlmanların hiddətinə səbəb olur. Bütün bunlar müasir dünyada və cəmiyyətdə qəbuledilməzdir”.
O, Azərbaycan xalqına sülh və firavanlıq arzu edib.
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva