REGİONLAR
Daşınmaz əmlakın səyyar qeydiyyat xidmətləri Şirvan şəhərinin Hacıqəhrəmanlı qəsəbəsində

Bakı, 8 may, AZƏRTAC
Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) səyyar formada daşınmaz əmlakın bütün növ qeydiyyat xidmətlərini göstərən “Əmlakını qeydiyyata al, mülkiyyətinə sahib ol” sosial aksiyası növbəti dəfə mayın 8-dən 10-dək Şirvan şəhərinin Hacıqəhrəmanlı qəsəbəsinin sakinləri üçün keçiriləcək.
Komitədən AZƏRTAC-a bildirilib ki, çevik müraciət və əlçatan xidmətlərdən yararlanmaq istəyən sakinlər saat 09:00-dan 17:00-dək səyyar xidmət avtobusuna yaxınlaşa bilər. Mobil ofislərdə yaşayış evləri, bağ evləri, həyətyanı torpaq sahələri, qeyri-yaşayış sahələri və digər daşınmaz əmlakların qeydiyyatı üçün sənədlərin toplanması, texniki pasportların verilməsi kimi xidmətlər göstərilir.
Kampaniya çərçivəsində əhalinin qeydiyyat ilə bağlı maarifləndirilməsi də həyata keçirilir. Belə ki, sakinlərə xidmət prosedurları, tələb olunan sənədlər, dövlət rüsumu və xidmət haqqı ilə bağlı məlumat verilir, hüquqi yardım göstərilir. Eyni zamanda, vətəndaşlar elektron çıxarışa tam keçid barədə maarifləndirilir, elektron çıxarışların üstünlükləri, istifadə qaydaları izah olunur.