DAŞKƏNDDƏ HEYDƏR ƏLİYEVİN ADINA KÜÇƏ OLACAQDIR
BU BARƏDƏ ŞƏHƏR İCRA HAKİMİYYƏTİ QƏRAR QƏBUL ETMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri Daşkənddən xəbər verir ki, ölkəmizin Özbəkistandakı səfiri Aydın Əzimbəyov Azərbaycan Mədəniyyət Mərkəzində diasporumuzun üzvləri ilə görüşündə demişdir ki, Mərkəz bundan sonra “Heydər Əliyev adına Azərbaycan evi” adlandırılacaqdır. Binanın qarşısında ümummilli liderimizin büstü qoyulacaqdır. Burada “Heydər Əliyev muzeyi” də fəaliyyət göstərəcəkdir. Binanın yerləşdiyi küçə isə Heydər Əliyevin adını daşıyacaqdır. Daşkənd şəhər icra hakimiyyəti bununla bağlı qərar qəbul etmişdir.
Səfir xatırlatmışdır ki, şəhər rəhbərliyinin başqa bir qərarına əsasən, Özbəkistanın paytaxtında böyük Azərbaycan şairi Nizami Gəncəvinin abidəsi qoyulacaqdır.
Azərbaycan Mədəniyyət Mərkəzləri Assosiasiyasının sədri Akif Ağatalıbov, idarə heyətinin üzvləri Yavər Məmmədov və Həmid Hüseynov görüşdə çıxış edərək, soydaşlarımıza yardım fondunun yaradılmasının əhəmiyyətindən də danışmışlar. Artıq fondun hesabına vəsait köçürülməsinə başlanmışdır.