DÜNYA
Daşkənddə Mərkəzi Asiya dövlətləri arasında regional əməkdaşlıq üzrə beynəlxalq konfrans keçirilir



Daşkənd, 3 mart, AZƏRTAC
Özbəkistanın paytaxtı Daşkənddə Birləşmiş Millətlər Təşkilatı (BMT) Qlobal antiterror strategiyasının həyata keçirilməsi üzrə birgə fəaliyyət planı çərçivəsində Mərkəzi Asiya dövlətləri arasında regional əməkdaşlıq üzrə beynəlxalq konfrans keçirilir.
AZƏRTAC xəbər verir ki, Özbəkistan Prezidenti yanında Strateji və Regionlararası Tədqiqatlar İnstitutu, bu ölkənin Xarici İşlər Nazirliyi, BMT Antiterror İdarəsi, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq qurumların dəstəyi ilə keçirilən konfransın açılışında Özbəkistanın dövlət başçısı Şavkat Mirziyoyevin iştirakçılara müraciəti oxunub.
Özbəkistanın xarici işlər naziri Əbdüləziz Kamilovun moderatorluğu ilə keçirilən plenar iclasda BMT-nin Baş katibi Antonio Quterreşin və Şanxay Əməkdaşlıq Təşkilatının videomüraciətləri dinlənilib.
BMT Baş katibinin müavini, Antirterror İdarəsinin rəhbəri Vladimir Voronkov, BMT Baş katibinin Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Natalya German, bir sıra ölkələrin xarici işlər nazirləri və səfirlər son vaxtlar dünyada gedən proseslər, gərginliyin azaldılması istiqamətində fəaliyyətin əlaqələndirilməsi, silahlı münaqişələrə son qoyulması ilə bağlı çıxış ediblər.
Tədbirin açılışında Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev iştirak edib.
Konfrans martın 4-də öz işini davam etdirəcək.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd