CƏMİYYƏT
Daşkənddə Ümummilli Lider Heydər Əliyevin 100-illik yubileyinə həsr edilmiş Özbəkistan-Azərbaycan səhiyyə dekadası keçirilir

Bakı, 2 oktyabr, AZƏRTAC
Oktyabrın 2-də Daşkənddə Türk dünyasının dahi oğlu, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100-illik yubileyinə həsr olunmuş Özbəkistan-Azərbaycan səhiyyə dekadası öz işinə başlayıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, dekada çərçivəsində Özbəkistanın ixtisaslaşmış tibb mərkəzləri və aparıcı regional tibb müəssisələrində birgə yüksək texnologiyalı əməliyyatlar, təlimlər, minimal invaziv cərrahiyyə, oftalmologiya, onkologiya, ginekologiya və digər istiqamətlər üzrə konsultasiyalar keçirilir.
Müzakirə zamanı səhiyyə sisteminin rəqəmsallaşdırılması, əczaçılıq, xalq təbabəti, tibb təhsili və elm sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələləri müzakirə olunur.
Özbəkistan-Azərbaycan səhiyyə dekadası, şübhəsiz ki, sektorun inkişafında yeni imkanlar yaradacaq.
Tədbir çərçivəsində oktyabrın 11-də səhiyyə sahəsində Özbəkistan-Azərbaycan səhiyyə forumu keçiriləcək.
Özbəkistan-Azərbaycan səhiyyə dekadası oktyabrın 11-də yekunlaşacaq.