DAXİLİ İŞLƏR NAZİRLİYİNDƏ “ELEKTRON SƏNƏD DÖVRİYYƏSİ” SİSTEMİNİN TƏQDİMATI OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, oktyabrın 25-də Daxili İşlər Nazirliyində nazir vəzifəsini icra edən, general-polkovnik Ramil Usubovun iştirakı ilə müasir dövrdə informasiya texnologiyalarının son nailiyyətlərindən olan “Elektron sənəd dövriyyəsi” sisteminin təqdimat mərasimi keçirilmişdir.
Nazirliyin katibliyinin rəisi, polis general-mayoru Nazim Əliyev elektron kargüzarlığa keçidin mahiyyəti barədə məlumat vermiş, yeni proqramın tətbiqinin kargüzarlıq fəaliyyətinin təkmilləşdirilməsi, səmərəliliyinin artırılması, sənədlərin qeydiyyatının, saxlanılmasının və sistemləşdirilməsinin daha keyfiyyətlə təmin edilməsi və icra intizamının yüksəldilməsində əvəzsiz rol oynayacağını bildirmişdir.
Qeyd olunmuşdur ki, sənədin elektron forması ona yeni səmərəli funksionallıq gətirir. Bu formada sənədin dövriyyəsi, qeydiyyatının və saxlanmasının sistemləşdirilməsi, hərəkətinin və icrasının səmərəli idarə olunması, dövriyyə zamanı vaxt itkisinin tənzimlənməsi, xərclərinin azalması, kargüzarlıq fəaliyyətində əməyin yüngülləşdirilməsi və bir sıra digər məsələlərin həlli hər bir əməkdaşın, bütövlükdə təşkilatın işinin məhsuldarlığının və idarəçiliyin keyfiyyətinin daha da artırılmasına xidmət edir.
Nazirlikdə tətbiqi nəzərdə tutulan “Elektron sənəd dövriyyəsi” proqramının layihə rəhbəri “İKTEX” MMC-nin texniki direktoru Elmar Məmmədov proqramın texniki xarakteristikası, mühafizə və işləmə mexanizmi barədə ətraflı məlumat vermişdir.
Təqdimat mərasimində daxili işlər nazirinin müavinləri, baş idarə və idarə rəisləri iştirak etmişlər.
######
![]() |
![]() |

