ELM VƏ TƏHSİL
“Dədə Qorqud” jurnalının növbəti nömrəsi çapdan çıxıb
Bakı, 28 noyabr, AZƏRTAC
AMEA Folklor İnstitutunun “Dədə Qorqud” elmi-ədəbi toplusunun 84-cü nömrəsi çapdan çıxıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, professor Ramazan Qafarlının redaktorluğu ilə ildə dörd dəfə nəşr olunan jurnalın bu nömrəsində elmi məqalələr, Azərbaycan folklorundan yeni nümunələr, türk xalqları folklorundan örnəklər və başqa yazılar beş rubrikada təqdim olunub.
Toplunun “Qorqudşünaslıq: axtarışlar, aşkarlamalar” rubrikasında “Oğuznamələrin (“Oğuz Kağan” və “Kitabi-Dədə Qorqud”) poetik strukturunda zaman, məkan və kəmiyyət vəhdəti” və “Kitabi-Dədə Qorqud”: məkanın mifosemiotikası” başlıqlı məqalələr oxucuların ixtiyarına verilib.
“Folklorşünaslıq: problemlər, tədqiqlər” bölməsində “XIII-XIV əsrlər epik şeirimizdə dastan motivləri”, “Müasir şəhər əfsanələri: strukturu və özəllikləri”, “Molla Cümənin şeirlərində mistik-mifoloji məkan”, “Aşıq Şəmşirin qoşmalarında sevginin ünvanı”, “Macar aliminin türk dilində topladığı ninnilər”, “Nizami Gəncəvi yaradıcılığında atalar sözləri”, “Bəkir Çobanzadənin yaradıcılığında folklor nümunələri”, “Müstəqillik dövrü hekayələrində nağıl təhkiyəsi” və “Qarabağ folklorunda bayatı janrı mövsüm mərasimlərinin poetik formulu kimi (Novruz mərasimləri əsasında)” və digər məqalələr ilə tanış olmaq mümkündür.
Jurnalın “Yeni nəşrlər” bölməsində Folklor İnstitutunun Elmi şurasının qərarı ilə nəşr olunmuş “Şərur folklor örnəkləri – II kitab” haqqında yazı verilib.
Toplunun “Azərbaycan folklorundan yeni nümunələr” rubrikasında “Yetim Söyün” dastanı, yazıya alınmış Qərbi Azərbaycan folklor örnəkləri və Cənubi Azərbaycan folklorundan nümunələr təqdim olunub. “Türk xalqlarının folklorundan yeni nümunələr” bölməsində isə macar alimi İqnats Kunoşun türk dilində topladığı ninnilər yer alıb.
Xatırladaq ki, “Index Copernicus” sisteminə daxil olan “Dədə Qorqud” elmi-ədəbi toplusunda məqalələr 2023-cü ildən həm də DOI indeksi ilə dərc edilir.