SİYASƏT
Demokratik Azərbaycan Dünyası Partiyası vətən xaini Ə.Hümbətovun Azərbaycan əleyhinə yönəlmiş təxribatçı əməllərini qətiyyətlə pisləyir
Bakı, 1 oktyabr (AZƏRTAC). Demokratik Azərbaycan Dünyası Partiyası oktyabrın 1-də Beynəlxalq Mətbuat Mərkəzində keçirdiyi mətbuat konfransında vətən xaini Əlikram Hümbətovun Ermənistana və Azərbaycanın işğal olunmuş ərazilərinə səfərini pisləyən bəyanat səsləndirmişdir.
AZƏRTAC xəbər verir ki, partiyanın sədri Fatma Əliyeva Ermənistana və digər dövlətlərə səfərlər edən Ə.Hümbətovun Azərbaycan haqqında şər və böhtan dolu məlumatlar yaymasından danışmışdır. Qeyd edilmişdir ki, özünü qondarma respublikasının “prezidenti” kimi qələmə verən bu üzdəniraq insanın Ermənistana getməsi, Dağlıq Qarabağda separatçı rejimin rəhbərləri ilə görüşməsi Azərbaycanda yaşayan bütün xalqların qəzəb və nifrətinə səbəb olmuşdur.
Mətbuat konfransında iştirak edən partiya üzvləri bu əməlləri kəskin şəkildə pisləyərək bildirmişlər ki, Qarabağ uğrunda döyüşlərdə yüzlərlə şəhid vermiş talışlar Ə.Hümbətovun Azərbaycan torpaqlarını işğal edən, minlərlə azərbaycanlını qətlə yetirən canilərə əl uzatmasını, onlarla qucaqlaşıb öpüşməsini ona heç zaman bağışlamayacaqlar.
Tədbirdə partiyanın bununla bağlı bəyanatı səsləndirilmişdir. Bəyanatda bildirilir ki, Demokratik Azərbaycan Dünyası Partiyasının bütün talış və digər üzvləri separatçı, satqın Ə.Hümbətovu lənətləyir və ondan Azərbaycan dövlətçiliyinə zərbə vurmağa, Azərbaycanda yaşayan xalqlar arasında milli nifaq salmağa və münasibətləri pozmağa yönəlmiş təxribatçı fəaliyyətinə son qoymasını tələb edirlər.