Deputat: Avropa Parlamenti bu gün də Cənubi Qafqaz regionunda yaranmış yeni reallıqları həzm edə bilmir

Bakı, 14 mart, AZƏRTAC
Avropa Parlamenti hələ də postmünaqişə reallıqlarını dərk edə bilməyib. Bu qurum işğal dövründə olduğu kimi postmünaqişə dövründə də Azərbaycana qarşı qərəzli mövqeyindən əl çəkmir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva söyləyib.
Deputat bildirib ki, Avropa Parlamenti bu dəfə də vaxtilə Azərbaycanın tarixi torpaqlarında müharibə cinayətləri, terror aktları törətmiş şəxslərin müdafiəsinə qalxıb. Bu davranış beynəlxalq hüququn norma və prinsipləri ilə ziddiyyət təşkil edir və açıq-aşkar müstəqil məhkəmənin işinə təsir etmək cəhdidir. Azərbaycan hərbi canilər üzərində məhkəməni bütün beynəlxalq standartlara uyğun keçirir. Avropa parlamentinin qəbul etdiyi növbəti qərəzli qətnamədə müdafiə olunan şəxslərin hər biri ağır cinayətlərdə ittiham olunurlar: “Avropa Parlamentinin məlum qətnaməsi Azərbaycana qarşı münasibətin göstəricisidir. Təəssüf ki, Avropa İttifaqı (Aİ) bütün Cənubi Qafqaz regionuna Ermənistan maraqları prizmasından baxır. Ermənistanda Aİ Müşahidə missiyası, Avropa Sülh fondunun Ermənistanın silahlandırılmasına maliyyə ayırmaları, təxribatçı açıqlamalar da bu çirkin siyasətin tərkib hissəsidir.
Bu vaxta qədər də Avropa Parlamenti bir dəfə də olsun real faktlar əsasında qətnamə qəbul etməyib. Avropa parlamentariləri 30 illik işğalın nəticələrini, Ermənistanın müharibə cinayətlərini görməzlikdən gələrək, daha çox Azərbaycana qarşı iftira və böhtan kampaniyalarında xüsusi fəallıq göstərməyə üstünlük verdilər”.
Könül Nurullayeva bildirib ki, bütün qətnamələr islamafobiya, qərəz və ikili standartları özündə əks etdirir. Avropa Parlamenti bu gün də Cənubi Qafqaz regionunda yaranmış yeni reallıqları həzm edə bilmir. Onlar dərk etmək istəmirlər ki, münaqişə artıq başa çatıb və bu gün “Dağlıq Qarabağ” adlı münaqişə və bu adda ərazi vahidi yoxdur.
Deputat vurğulayıb ki, Avropa Parlamentinin bu cür qərəzli mövqeyi Cənubi Qafqazda sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunması ilə ziddiyyət təşkil edir.