Deputat: Azərbaycan qazı Avropa üçün yeni, etibarlı və uzunmüddətli mənbə olacaq

Bakı, 9 fevral, AZƏRTAC
Bu gün Azərbaycan regionda nəhəng enerji layihələrinin müəllifinə və fəal iştirakçısına çevrilib. Ölkəmizin təşəbbüskarı olduğu layihələr təkcə region üçün deyil, dünya miqyasında da böyük əhəmiyyət daşıyır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov ifadə edib.
“Cənub Qaz Dəhlizinin reallaşması bir¬başa Azərbaycan Prezidentinin siyasi iradəsi nəticəsidir. Dövlətimizin başçısının bundan əvvəl də qeyd etdiyi kimi, Cənub Qaz Dəhlizi ilə bağlı müzakirələr aparılan zaman bu layihənin reallaşacağına çoxu ümid etmirdi. Layihənin xərclər smetası böyük idi, maliyyələşmə məsələləri vardı. Bütün bunlara baxmayaraq, Azərbaycanın dəstəyi hesabına region üçün ən böyük layihə gerçəkləşdi. Ümumiyyətlə, Azərbaycanın dəstəyi və təşəbbüsü olmasaydı, Cənub Qaz Dəhlizinin reallaşması mümkün deyildi”, - deyə deputat qeyd edib.
A.Məmmədov bildirib ki, Cənub Qaz Dəhlizinin seqmentlərini “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, TANAP və TAP layihələri təşkil edir. Dəhliz, eyni zamanda, çox sayda müxtəlif maraqlı tərəfləri, o cümlədən 7 hökuməti və 11 şirkəti özündə birləşdirən mürəkkəb layihədir. Bu layihə dünyada tikilən ən kompleks təbii qaz boru kəmərləri zənciri kimi qiymətləndirilir.
“2021-ci il və bu ilin yanvar ayı ərzində Cənub Qaz Dəhlizi vasitəsilə Gürcüstan, Türkiyə və Avropadan olan istehlakçılar ümumilikdə 18,5 milyard kubmetrdən çox, Avropa ölkələri isə 8,9 milyard kubmetr təbii qazı ilə təchiz olunub. Bu, onu göstərir ki, Cənub Qaz Dəhlizi Avropa ölkələrinin enerji təchizatında böyük əhəmiyyət kəsb edir. Bu amil isə dəhlizin Avropanın digər dövlətlərinə qədər genişləndirilməsini aktual edir. Beləliklə, layihə çərçivəsində Azərbaycan onunla müttəfiq olan ölkələrlə əlaqələrini daha da gücləndirir. TANAP və Cənub Qaz Dəhlizi Azərbaycanın irəli sürdüyü təşəbbüslərdir. Cənub Qaz Dəhlizinin qazötürmə qabiliyyəti 31,5 milyard kubmetrə qədər yüksələcək ki, bu da Azərbaycanın regionun, bütövlükdə Avropanın enerji təhlükəsizliyinə xüsusi töhfə verməsinə imkan yaradacaq. Region dövlətimizin başçısının siya¬si iradəsi nəticəsində reallaşmış bu təşəbbüsdən hələ uzun müddət faydalanacaq və öz enerji təhlükəsizliyini formalaşdıracaq”, - deyə A.Məmmədov diqqətə çatdırıb.
Deputat vurğulayıb ki, Azərbaycan Cənub Qaz Dəhlizi layihəsinin formalaşdırıldığı bütün seqmentlərdə əsas payçılardan biridir, eyni zamanda, bu layihənin əsasını təşkil edən TANAP layihəsində ən çox paya sahib olan ölkədir. Bu da onu deməyə əsas verir ki, Azərbaycan hasil etdiyi təbii qazı öz boru kəmərləri vasitəsilə daşıyaraq bu istiqamətdə əlavə dəyərini artıracaq, iqtisadi dividendlər əldə edəcək. Bununla da Azərbaycan qazı Avropa üçün yeni, etibarlı və uzunmüddətli mənbə olacaq.