Deputat: Ermənistan silahlı qüvvələri həmişə olduğu kimi beynəlxalq hüququn norma və prinsiplərini pozur

Bakı, 11 oktyabr, AZƏRTAC
İşğalçı Ermənistan həmişə olduğu kimi, beynəlxalq hüququn norma və prinsiplərini, eləcə də özlərinin israrlı xahişləri əsasında razılaşdırılmış humanitar atəşkəs rejiminin tələblərini pozaraq, cəbhə bölgəsində hərbi əməliyyatları davam etdirməyə çalışır.
Düşmən gecə saatlarından başlayaraq Azərbaycanın Gəncə, Mingəçevir, Tərtər, Ağdam və digər yaşayış məntəqələrini, mülki əhalini intensiv raket atəşinə tutmaqda davam edir. Ermənistanın təxribatı nəticəsində Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə 9 nəfər həlak olub, 16 qadın, 6-sı azyaşlı olmaqla 34 nəfər yaralanıb. Mülki obyektlərə xeyli ziyan dəyib. Bu, bir daha qarşı tərəfin nə qədər məkrli və hiyləgər olduğunu, eyni zamanda terrorçuluğa xidmət etdiyini göstərir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı İqbal Məmmədov bildirib.
Deputat vurğulayıb ki, düşmənə aman olmamalıdır və biz axıra qədər mübarizəmizi davam etdirməliyik: “30 ildir ki, xalqımız erməni təcavüzündən əziyyət çəkir. 1 milyon qaçqın və köçkünümüz var. Biz nə vaxta qədər bunların nazı ilə oynamalıyıq? Azərbaycan Prezidenti, Ali Baş Komandanın əmri ilə şanlı ordumuz sentyabrın 27-dən başlayaraq düşmən təxribatına əks-hücumla cavab verərək, xeyli ərazilərimizi işğaldan azad edib. Azərbaycan bu addımı ilə münaqişənin hərb yolu ilə həll olunmasının mümkünlüyünü dünyaya sübut etdi. Biz geri çəkilməyəcəyik. Dövlətimizin başçısının da qeyd etdiyi kimi, biz torpaqlarımızı ya hərb, ya da sülh yolu ilə alacağıq. Demək ki, düşmən bizə bir yol qoyur, o da hərb yolu”.
İqbal Məmmədov bildirib ki, Azərbaycanı qınayan beynəlxalq təşkilatlar və bəzi dünya dövlətləri Ermənistanın bu hərəkətinə indi qiymət versinlər. Kim günahkardır - torpaqları işğal olunan və bu torpaqları uğrunda mübarizə aparan Azərbaycan, yoxsa işğaldan, terrordan gözü doymayan Ermənistan? Bütün Azərbaycan xalqı bu sualın cavabını gözləyir.