CƏMİYYƏT
Deputat: Qərbi azərbaycanlıların tərk etdikləri yaşayış məntəqələrinin əksəriyyəti bu gün də boş və viranədir
Bakı, 5 dekabr, AZƏRTAC
Bakıda keçirilən Qərbi Azərbaycan İcmasının “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda ikinci beynəlxalq konfransı çərçivəsində Qərbi Azərbaycan İcmasının üzvü, Milli Məclisin deputatı Şahin İsmayılov ilə təsisçi, Asiya Diplomatiya və Beynəlxalq Münasibətlər İnstitutunun nümayəndəsi Sunil KC arasında ikitərəfli görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə Şahin İsmayılov 1987-1991-ci illərdə öz evlərindən zorla çıxarılan Qərbi azərbaycanlıların 35 ildir oraya qayıda, doğmalarının məzarını ziyarət edə bilmədiklərini qeyd edib. Deputat bildirib ki, soydaşlarımızın tərk etdikləri yaşayış məntəqələrinin əksəriyyəti bu gün də boş və viranədir, mədəni irsimiz dağıdılıb, məzarlıqlarımız yerlə-yeksan edilib.
Sunil KC belə halların təməl insan hüquqlarına zidd olduğunu deyib, bu kimi faktların beynəlxalq hüququn norma və prinsiplərinə xələl gətirdiyini vurğulayıb.