ELM VƏ TƏHSİL
Dərsə gedən bir uşaq… FOTOREPORTAJ
Bakı, 16 sentyabr, AZƏRTAC
Məktəblərdə üç aya yaxın davam edən sükut yenidən pozulub. Bu səhər həmin sükutu gələcəyimiz hesab olunan fidan balaların hay-harayı, sevinc və gülüş səsləri didərgin salıb.
2024/2025-ci tədris ilində ölkə üzrə I siniflərə 132 min 261, məktəbəhazırlıq qruplarına isə 89 min uşaq qəbul olunub. Qədəmləri uğurlu olsun!
Nə gizlədək, məktəbə qədəm basan körpələrin arasında sevinənlərlə yanaşı, kövrələn, doluxsunan, hətta göz yaşı axıdanlar, ağlayanlar da olur. Evdə ata-ana, baba-nənə himayəsində keçirdiyi günlərin, bağça həyatının kürlüyünü edənlərə yeni qədəm qoyduqları məktəb həyatına uyğunlaşmaq heç də asan olmur…
Yeni tədris ilinin bir özəlliyi də bu il Şuşada, Xankəndidə və Xocalıda çalınan ilk zəng səsləridir. 30-32 ildən sonra həmin doğma torpaqlarımızda tədris bərpa olunur!
Bu il, həmçinin ali təhsil pilləsində Qarabağ Universiteti və Türkiyə-Azərbaycan Universiteti qapılarını ilk dəfə tələbələrin üzünə açır.
Bu gün məktəblərdə ilk zəng çalındı - minbir arzularla gələcəyinə böyük ümidlərlə baxdığımız uşaqları məktəbə səsləyən zəng. Məktəblər onları doğma ana kimi qucağına alıb onları böyük elm və ürfan yoluna çıxaracaq. İllər ötəcək, bu gün kövrək hisslərlə doğma məktəbə kövrək addımlar atan uşaqlar bir də təhsil ocağı ilə vidalaşanda kövrələcəklər…
İlk dərs gününüz mübarək, əziz uşaqlar və müəllimlər!