CƏMİYYƏT
Dəyirmi masa: “Açıq hökumətin təşviqində və korrupsiyaya qarşı mübarizədə medianın rolu” - YENİLƏNİB VİDEO
Bakı, 30 sentyabr, AZƏRTAC
Sentyabrın 30-da Medianın İnkişafı Agentliyinin və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin birgə təşkilatçılığı ilə “Açıq hökumətin təşviqində və korrupsiyaya qarşı mübarizədə medianın rolu” mövzusunda dəyirmi masa keçirilib.
AZƏRTAC xəbər verir ki, media və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Milli Fəaliyyət Planının aidiyyəti bəndlərinin icrası ilə bağlı görülən işlər, korrupsiyaya qarşı mübarizədə və ictimai nəzarətin həyata keçirilməsində media subyektlərinin və qeyri-hökumət təşkilatlarının imkanlarından bəhs edilib, bu sahədə dövlət qurumları ilə tərəfdaşlıq əsasında həyata keçirilən tədbirlərin vacibliyi vurğulanıb.
Çıxışlarda, həmçinin qeyd olunub ki, korrupsiyaya qarşı mübarizədə və ictimai nəzarətin həyata keçirilməsində media subyektləri ilə yanaşı, qeyri-hökumət təşkilatlarının da müstəsna rolu var. Belə müzakirə formatlı görüşlərin keçirilməsi ölkəmizdə açıqlıq, şəffaflıq və hesabatlılıq prinsiplərinin tətbiqinin daha da genişləndirilməsinə, vətəndaş cəmiyyəti üzvlərinin fəaliyyətinin dəstəklənməsinə və informasiya əldə edilməsinin təmin olunmasına mühüm töhfə verməkdədir.
Dəyirmi masada bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” korrupsiyaya qarşı mübarizənin strateji çərçivəsini müəyyən etməklə dövlət orqan və qurumları ilə vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın dərinləşdirilməsini, sistemli və əlaqəli şəkildə birgə layihələrin həyata keçirilməsini əsas prioritetlər qismində təsbit edib. Qeyd olunan yanaşmaların cəmiyyətə yüksək peşəkarlıqla çatdırılması, müasir çağırışlara uyğun effektiv məlumatlandırma mexanizminin tətbiqi baxımından media müstəsna rol oynayır və bugünkü görüş medianın bu istiqamətdə işinin daha effektiv və səmərəli qurulmasına təkan verəcək.
Görüşdə digər maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, tədbir iştirakçılarının fikirləri dinlənilib və təklifləri öyrənilib.