DİM ümumtəhsil məktəblərinə test topluları və “Abituriyent” jurnalının xüsusi buraxılışını hədiyyə edib
Şəki, 4 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi respublikanın müxtəlif şəhər və rayonlarında yerləşən ümumtəhsil müəssisələrinə “Abituriyent” jurnalı redaksiyanın nəşr etdirdiyi yeni təhsil proqramı (kurikulum) üzrə qiymətləndirmə tapşırıqları, test topluları, eləcə də tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanına hazırlaşanlar üçün nəşr edilmiş “Abituriyent” jurnalının xüsusi buraxılışını hədiyyə edib.
Dövlət İmtahan Mərkəzinin Şəki regional bölməsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bölmə üzrə həmin kitablar Şəki, Oğuz, Qəbələ, Zaqatala, Qax və Balakən rayonlarında yerləşən qaçqın və məcburi köçkün məktəblərinə, şəhər məktəblərinin və rayon mərkəzindən uzaqda yerləşən kənd məktəblərinin kitabxanalarına hədiyyə olunub. Bu vəsaitlərdən məktəb şagirdləri, qəbul imtahanlarına hazırlaşan abituriyentlər, eləcə də müəllimlər metodiki vəsait kimi faydalana biləcəklər.