CƏMİYYƏT
DİN bir qrup AXCP üzvünün qanunsuz piketə çağırışları ilə bağlı mətbuatın sorğusunu cavablandırıb

Bakı, 21 oktyabr, AZƏRTAC
Bakı Şəhər İcra Hakimiyyəti Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) icra hakimiyyətinin binası önündə piket keçirilməsini məqsədəuyğun hesab etməyib. Buna baxmayaraq, partiyanın bir qrup üzvü sosial şəbəkələrdə piketin keçiriləcəyi haqqında məlumatlar paylaşır.
AZƏRTAC xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin bölmə rəisi Zeyni Hüseynov bununla bağlı mətbuatın sorğusunu cavablandırıb. Bildirilib ki, piket üçün nəzərdə tutulan yer təhsil müəssisələrinin yerləşdiyi, nəqliyyatın və insanların intensiv hərəkət etdiyi ərazi olduğundan orada aksiya keçirilə bilməz. Buna görə də piket keçirilməsinə cəhd göstəriləcəyi təqdirdə onun qarşısı alınacaq.
DİN-in bölmə rəisi qeyd edib ki, qanunvericiliklə icazə verilməyən yerlərdə kütləvi tədbirlərin keçirilməsinə görə məsuliyyət təşkilatçıların üzərinə düşür.