“Diplomatic World Sweden” Azərbaycanın COP29 nümayəndə heyətinin Bonn şəhərinə səfəri barədə məqalə dərc edib

Stokholm, 19 iyun, Nərgiz Cəfərli, AZƏRTAC
İsveçin “Diplomatic World Sweden” saytında Azərbaycanın COP29 Sədrliyi nümayəndə heyətinin iyunun 16-dan 26-dək Almaniyanın Bonn şəhərində keçirilən BMT-nin İqlim üzrə Subsidiar Orqanlarının 62-ci Sessiyası - SB62-də iştirakı barədə məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycan nümayəndə heyətinin danışıqlarda fəal iştirak etməsi ilə yanaşı, həm də Sədrlik çərçivəsində öz tədbirlərini təşkil etdiyi, bir sıra məcburi və tematik sessiyalara qatıldığı vurğulanır. Bu, Azərbaycanın qlobal iqlim danışıqlarında fəal rol oynamaq və çoxtərəfli ekoloji diplomatiyanın inkişafına kömək etmək istəyini əks etdirir.
Məqalədə qeyd olunur ki, Bonnda keçirilən iqlim üzrə iyun görüşləri noyabr ayında Braziliyanın Belen şəhərində keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflərinin Konfransının 30-cu sessiyasına (COP30) mühüm hazırlıq mərhələsidir. İştirakçılar əsas mövzuları - qlobal uyğunlaşma hədəfi üçün indikatorların işlənib hazırlanması, ədalətli enerji keçidinin təşviq edilməsi, 1,3 trilyon dollarlıq iqlim maliyyələşdirilməsinin səfərbər edilməsi üzrə “Bakıdan Belenə” yol xəritəsinin həyata keçirilməsi, həmçinin emissiyaların azaldılması səylərini müzakirə edirlər.