“Diplomatic World Sweden” nəşrində Bakıda keçirilmiş “Yeni dünya nizamına doğru” forumu haqqında məqalə dərc edilib

Stokholm, 11 aprel, Nərgiz Cəfərli, AZƏRTAC
“Diplomatic World Sweden” internet nəşrində aprelin 9-da Bakıda ADA Universitetində keçirilmiş beynəlxalq forum haqqında məqalə dərc edilib.
AZƏRTAC xəbər verir ki, “Yeni dünya nizamına doğru” mövzusunda forum Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilib və dünyanın 40-dan çox ölkəsindən ekspert və iştirakçıları bir araya gətirib. Məqalədə qlobal qeyri-sabitlik, artan qütbləşmə və təsir mərkəzlərinin dəyişməsi fonunda Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsi təhlil edilir.
Qeyd olunur ki, Azərbaycan kiçik bir ölkənin beynəlxalq siyasətdə konstruktiv, müstəqil və məsuliyyətli rol oynaya biləcəyinə dair nümunə göstərir. Forum çərçivəsində Prezident İlham Əliyev beynəlxalq ekspertlərlə enerji, yaşıl keçid, regional təhlükəsizlik, müsəlman əməkdaşlığı və aparıcı dünya dövlətləri ilə qarşılıqlı fəaliyyət kimi əsas mövzuları müzakirə edib.
Məqalədə Azərbaycan Şərq və Qərb, Mərkəzi Asiya, Yaxın Şərq və Avropa arasında strateji körpü kimi təqdim olunur. Azərbaycan ərazisindən keçməklə Asiya və Avropanı birləşdirən “Orta Dəhliz” layihəsinə, həmçinin infrastruktura, o cümlədən Ələt limanına və Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə sərmayələrə xüsusi diqqət yetirilib.
Məqalədə Türkiyə, Körfəz ölkələri və Avropa dövlətləri ilə tərəfdaşlığın əhəmiyyəti vurğulanır. Aİ institutları ilə bəzi fikir ayrılıqlarına baxmayaraq, Azərbaycan qarşılıqlı etimada əsaslanan strateji münasibətlər qurur. Həmçinin qeyd olunur ki, ölkə yaşıl enerjinin inkişafında getdikcə daha çox iştirak edir və qlobal iqlim maliyyələşdirməsinin artırılmasına dair iddialı təşəbbüslərin təklif olunduğu COP29 iqlim sammitinin ev sahibi kimi mühüm rol oynayıb.
Müəllifin sözlərinə görə, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan qisas deyil, davamlı sülhə can atır. Ölkənin suverenliyinin tam şəkildə tanınması şərti ilə Ermənistanla münasibətlərin normallaşmasına hazır olduğu vurğulanır. Məqalədə, həmçinin Azərbaycanın Qlobal Cənub ölkələrinə, xüsusən də Qoşulmama Hərəkatı və Afrikada layihələr həyata keçirən AIDA agentliyi vasitəsilə dəstək verməsindəki rolu işıqlandırılır.
Azərbaycanın böyük dövlətlərlə, o cümlədən İsrail, Türkiyə, ABŞ və Aİ ilə balanslaşdırılmış münasibətlər qurmaq bacarığı ayrıca xatırlanır.
Məqalə belə bir fikirlə yekunlaşır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan münaqişə irsinin olduğu postsovet dövlətindən daha ədalətli və balanslaşdırılmış dünya nizamına töhfə verməyə çalışan nüfuzlu və hörmətli beynəlxalq siyasət iştirakçısına çevrilib.