Dneprdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib

















Dnepr, 1 yanvar, AZƏRTAC
Ukraynanın Dnepr şəhərində 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, Dnepropetrovsk Vilayəti Azərbaycanlıları Konqresinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən tədbirdə diaspor üzvləri, soydaşlarımız, şəhərin fəalları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Dnepropetrovsk Vilayəti Azərbaycanlıları Konqresinin rəhbəri Nəcəf Əhmədov bildirib ki, ümummilli lider Heydər Əliyevin hələ 1991-ci ildə Naxçıvanda işlədiyi vaxt Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd olunması ilə əlaqədar qəbul etdiyi qərar tarixi əhəmiyyətli idi. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın birliyi və təşkilatlanması işində Ulu Öndərin müstəsna xidmətləri haqqında məlumat verən Nəcəf Əhmədov qeyd edib ki, bu gün dünya azərbaycanlıları Prezident İlham Əliyevin ətrafında sıx birləşib. 44 günlük Vətən müharibəsi dövlətimizin, xalqımızın birliyini, gücünü göstərdi. Bu dönəmdə dünya azərbaycanlıları da birləşərək Ali Baş Komandan İlham Əliyev başda olmaqla Ordumuzun yanında oldu.
Dnepropetrovsk Vilayəti Şurasının deputatı soydaşımız Qoşqar Muxtarov isə çıxışında Zəfərə gedən yolda Azərbaycanın illərdir əldə etdiyi iqtisadi, siyasi və hərbi gücündən bəhs edib.
Tədbirdə çıxış edən digər soydaşlarımız Həmrəylik Gününün əhəmiyyətindən danışıblar.
Sonda tədbir bədii hissə ilə davam edib. Ukraynada Müslüm Maqomayev adına Mədəniyyət Mərkəzinin rəhbəri, Ukraynanın Xalq artisti Qurban Abbasov və müğənni Natalya Kudyaşovanın ifası, “SİLUET” məktəblərinin “Xoreoqrafik xalq səhnəsi və müasir”, Dnepr şəhər Həftəsonu Azərbaycan dili məktəbinin rəqs ansambllarının musiqi nömrələri iştirakçıların marağına səbəb olub.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Dnepr