DÜNYA
DNESTRYANI SEPARATÇILAR MÜNAQİŞƏNİN HƏLLİNƏ DAİR DANIŞIQLARA YENİDƏN ƏNGƏL TÖRƏDƏRƏK, YERİNƏ YETİRİLMƏSİ MÜMKÜN OLMAYAN ŞƏRTLƏR İRƏLİ SÜRÜRLƏR
İ.Smirnov demişdir ki, Dnestryanı “5+2” formatında danışıqları təminatçı ölkələrin, Rusiya, Ukrayna və ATƏT-dən olan vasitəçilərin, Avropa İttifaqından və ABŞ-dan müşahidəçilərin, habelə Dnestryanı və Moldova nümayəndələrinin iştirakı ilə bərpa etməyə hazırdır. Onun dediyinə görə, danışıqlar yalnız 1997-ci ildə imzalanmış Memoranduma uyğun olaraq, Dnestryanı bölgənin iqtisadi sahədə tam müstəqilliyinin bərpasından, habelə bundan əvvəl Moldova ilə imzalanmış sazişlərin qüvvəyə minməsindən sonra mümkündür.
Separatçı rejimin başçısı həm də bildirmişdir ki, Dnestryanıya dair heç bir Moldova-Rusiya “gizli” planı yoxdur. Hələlik Dnestryanı məsələsinə dair heç bir razılaşma əldə olunmamışdır.
Bundan əvvəl bir sıra Moldova və xarici KİV-lərdə informasiya yayılmışdı ki, Moldova ilə Rusiya Dnestryanı nizamlanmaya dair gizli danışıqlar aparır və həmin danışıqlara uyğun olaraq, Moldova Rusiyanın təsir dairəsinə qaytarıla bilər. Guya, ikitərəfli razılaşmalar Moldova və Dnestryanı prezidentləri tərəfindən Moldova parlamentinin və Dnestryanı Ali Sovetin öz-özünü buraxması, eləcə də yeni seçkilərin elan edilməsi barədə birgə bəyannamənin imzalanmasını nəzərdə tutur.
Mənbələrə görə, cari ilin axırınadək Moldova və Dnestryanıda paralel, lakin ayrı-ayrılıqda seçkilər keçirilməlidir. Bu zaman Moldova parlamenti Dnestryanı üçün 18-19 yer (101 yerdən) ayıracaqdır. Moldova hökumətində Dnestryanı həm də Tiraspolun nümayəndəsi kimi baş nazir müavini və hər bir idarə nazirinin müavini ilə təmsil olunacaqdır.