Donald Tramp ABŞ hökumətinin işinin müvəqqəti bərpa olması barədə sənəd imzalayıb
Bakı, 26 yanvar, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp yanvarın 25-də işi 35 gündür qismən dayanan federal hökumətin fəaliyyətinin fevralın 15-dək bərpa olunması üçün büdcə vəsaitinin ayrılması barədə qanun layihəsini imzalayıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Ağ evin mətbuat xidməti məlumat yayıb. Bundan sonra Amerikanın bütün nazirliklərinin fəaliyyəti formal olaraq bərpa ediləcək. Dövlət başçısı sənədi Ağ evdə bağlı qapılar arxasında imzalayıb, jurnalistlər bu tədbirə dəvət edilməyib.
Maraqlıdır ki, hökumətin fəaliyyətinin bərpa olunması barədə qərar bir neçə saat ərzində qəbul edilib və reallaşdırılıb: Tramp yerli vaxtla təxminən saat 14:00-da Konqreslə razılaşdığını elan edib, saat 17:00-da sənəd Senatda, iki saatdan sonra isə Nümayəndələr Palatasında qəbul olunub.
Xatırladaq ki, dekabrın 22-dən başlayaraq ABŞ-da “Shutdown” (büdcə vəsaitinin olmaması səbəbindən federal hökumətin işinin dayanması) davam edir. 35 gün ərzində hökumətin demək olar ki, 25 faizi, əsasən də Dövlət Departamenti, Maliyyə, Ticarət və Daxili Təhlükəsizlik nazirlikləri maliyyəsiz qalıb. Buna Tramp və respublikaçıların Meksika ilə sərhəddə səddin tikintisi üçün lazım olan 5 milyard dollar vəsaiti büdcəyə daxil etmək cəhdləri və demokratların buna razılıq verməməsi səbəb olub.