REGİONLAR
Doqquz ayda Qəbələ Dövlət Tarix-Bədii Qoruğunu 3 mindən çox turist ziyarət edib
















Qəbələ, 21 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC
Bu ilin yanvar-sentyabr ayları ərzində Qəbələ Dövlət Tarix-Bədii Qoruğuna 3031 nəfər yerli və xarici turist səfər edib. Qoruğu ziyarət edənlərin 2382 nəfəri yerli turist, 649 nəfər isə xarici ölkə vətəndaşı olub.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə qoruğun direktoru Zahir Kərimov məlumat verib.
Direktor bildirib ki, koronavirus pandemiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar tətbiq olunmuş qadağaların qismən aradan qaldırılmasından sonra ölkəyə gələn xarici, istərsə də yerli turistlərin ən çox səfər etdikləri bölgələrdən biri turizm potensialı və tarixi məkanları ilə ziyarətçilərin maraq göstərdiyi Qəbələ rayonu olub. Ötən il Qoruğu cəmi 190 nəfər xarici ölkə vətəndaşı ziyarət etmişdisə, bu ilin 9 ayında əcnəbi turistlərin sayında 3 dəfədən çox artım müşahidə olunub.
Əcnəbi turistlər arasında Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Hindistan, Kanada, Pakistan, Türkiyə, İtaliya, Fransa, Böyük Britaniya, Polşa, Almaniya, İspaniya, İsrail və digər ölkələrdən gələnlər üstünlük təşkil edib.
Qoruğu ziyarət edənlərə Azərbaycan, rus və ingilis dillərində ekskursiya xidmətləri göstərilir. Ziyarətçilər üçün SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının təşkilatçılığı və maliyyə dəstəyi ilə yaradılmış Qəbələ Arxeoloji Ekspedisiyanın Qoruğun tarixi məkanları - Antik şəhər yeri, Səlbir və Qala ərazilərində dövrü olaraq apardığı arxeoloji qazıntılar, aşkar olunan tarixi tapıntılar, həmçinin Qəbələ Arxeoloji Mərkəzinin sərgi salonunda nümayiş olunan eksponatlarla bağlı nəfis şəkildə ərsəyə gələn hesabatlarla yaxından tanış olmaq imkanı yaradılıb.