ELM VƏ TƏHSİL
Dosent Şakir Albalıyev: Ortaq türk əlifbasında 34 hərfin əksini tapması tamamilə təbii haldır
Bakı, 18 sentyabr, AZƏRTAC
Ortaq türk əlifbası zərurətdən yaranıb. Bu günlərdə Türk dünyası üçün 34 hərfdən ibarət ortaq türk əlifbası qəbul olundu. Bu, əlbəttə yeni dövrün reallıqlarından irəli gələn mühüm hadisədir. Belə ki, kökü, soyu, qanı, bir sözlə, mənşəyi eyni olan türk xalqları tarixin ayrı-ayrı inkişaf mərhələlərində yaxın və uzaq qütblərə parçalandılar. Bu, bir tərəfdən tarixi inkişafın təbii qanunauyğunluqlarına əsaslanırdısa, digər tərəfdən də müxtəlif quruluşların doğurduğu separatçı ideologiyanın zorakı təsirindən baş verirdi. Məsələn, sosializm cəmiyyətindəki sovet siyasi sistemi türksoylu xalqların üzərində manqurtlaşdırma siyasətini cidd-cəhdlə həyata keçirirdi. Eləcə də dilin inkişaf qanunauyğunluqlarına görə ayrı-ayrı türk tayfalarının danışıq dilləri müxtəlif ictimai-siyasi-tarixi hadisələrin gedişatı fonunda transformasiyalara məruz qalırdı. Hətta bu, o dərəcədə ciddi şəkildə baş verdi ki, bu gün başqırd, çuvaş və başqa türk xalqlarının danışıq dilləri bilinməz şəkildə fonetik-leksik xüsusiyyətlərinə görə fərqli dəyişikliklərə uğradı.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində AMEA Folklor İnstitutunun əməkdaşı filologiya üzrə fəlsəfə doktoru, dosent Şakir Albalıyev söyləyib. O bildirib ki, dünyada gedən qlobal dəyişikliklər fonunda türk xalqlarının birlik nümayiş etdirməsi, özünəqayıdışı çox vacib məsələdir. Bu yolda AMEA Folklor İnstitutu hələ 20 il əvvəl “Ortaq türk keçmişindən ortaq türk gələcəyinə” adlı beynəlxalq konfranslar təşkil etməyə başladı. XX əsrin əvvəllərində Türkoloji qurultayın keçirilməsi də elə bu prinsiplərdən dolayı idi. Bu mənada 34 hərfli ortaq türk əlifbasının qəbul edilməsi bu sahədə çox təqdir olunası bir təşəbbüsdür. Bu, ortaq türk keçmişini qayıdıb vərəqləməklə ortaq türk gələcəyinə doğru hərəkət etməyin bir vasitəsidir.
“Məlumdur ki, hərflər səslərin yazı şəklində olan maddi-fiziki işarəsidir. O ki qaldı, hərflərin sayına, məsələn, bizim Azərbaycan əlifbasındakı kimi 32 yox, 34 hərfin olmasına, bu da yenə təbii və həm də təqdirəlayiqdir. Çünki elə bizim müasir Azərbaycan dilində danışıq səsi kimi mövcud olan sağır nun səsinin maddi şəkildə göstəricisi olan hərfin özünə belə ehtiyac var. Belə olan təqdirdə ortaq türk əlifbasında 33 yox, hətta 34 hərfin əksini tapması tamamilə təbii haldır. Əksinə, danışıq səsinin çoxluğu müqabilində hərf sayının azlığı yazının anlaşıqlı olmasında çətinlik yaradır. Götürək qədim Orxon-Yenisey türk əlifbasındakı bəzi saitlərin yoxluğunu, yaxud ərəb qrafikasında bəzi saitlərin eyni şəkildə yazılıb müxtəlif səsləri ifadə etdiyini - bütün bunlar, əlbəttə ki, oxunuş zamanı müəyyən çətinliklər yaradır. Yaxud da elə götürək dünyanın ən çox yayılmış işlək dillərindən olan ingilis dilini. Fikir verin, ingilis dilində 26 hərf, 44 səs var, Bu səbəbdən də ingilis dilində ayrı-ayrı səsləri ifadə etmək üçün müxtəlif hərf birləşmələrindən istifadə olunur ki, bütün bunlar orfoqrafik baxımdan da, elə həmin dili öyrənmək baxımından da xeyli çətinliklər yaradır”, - deyə müsahibimiz qeyd edib.
Şifahi nitqdə bir-birlərini anlamaq gücündə olan türk xalqlarının rəsmi yazışma-məktublaşma vasitəsilə də bir-birlərini anlayıb başa düşmələrində belə bir əlifbanın yaradılmasının əhəmiyyətinin vurğulayan alim deyib: “Necə deyərlər, kökü, qanı, əcdadı bir olan xalqların işdə, hərəkətdə də bir olması üçün bir-birlərini tam şəkildə anlamaları lazımdır. Dilimizdəki birliyimizi sözümüzün maddi daşıyıcısı olan yazımızda – imzamızda, əlifbamızda da nümayiş etdirməliyik. “Qədim türk yazılı abidələri” deyib öyrəndiyimiz, tədris etdiyimiz bir fənnimiz var. Bu yazılı abidələr keçmişimizin birliyini göstərir. Qoy “müasir ümumtürk yazısı” deyə biləcəyimiz ortaq türk əlifbası da əzəli birliyimizin bərpası və tərəqqisi yolunda dünyaya pozulmaz nəqşini salsın”.