DOSTLUĞUMUZ VƏ ƏMƏKDAŞLIĞIMIZ DAHA DA MÖHKƏMLƏNƏCƏKDİR
AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN TÜRKİYƏYƏ RƏSMİ SƏFƏRİ DAVAM EDİR
Azərbaycan Prezidentini aparan təyyarə qardaş dövlətin hava sərhədinə daxil olan kimi Türkiyə Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri hörmət əlaməti olaraq onu hər iki tərəfdən müşayiət etməyə başladı.
Ankaranın Esenboğa hava limanında Azərbaycan Prezidenti Heydər Əliyevi və onu müşayiət edən nümayəndə heyətini Türkiyə Cümhuriyyətinin Prezidenti Süleyman Dəmirəl, xarici işlər naziri Hikmət Çətin və digər yüksək vəzifəli şəxslər, millət vəkilləri, Azərbaycanın Türkiyədəki səfiri Məmməd Əliyev, Türkiyənin Azərbaycandakı səfiri Altan Karamanoğlu, qardaş ölkənin ali məktəblərində təhsil alan azərbaycanlı tələbələr qarşıladılar.
Azərbaycan Prezidenti və onu müşayiət edən şəxslər buradan Heydər Əliyev üçün ayrılmış iqamətgaha yola düşdülər.
Qısamüddətli istirahətdən sonra Azərbaycan Prezidenti Ankaradakı “Anıtkabır” məqbərəsinə gələrək Türkiyə Cümhuriyyətinin banisi, görkəmli siyasi və ictimai xadim Mustafa Kamal Atatürkün məzarını ziyarət etdi, qəbrin üzərinə əklil qoydu və böyük Atatürkün xatirəsini birdəqiqəlik sükutla yad etdi. Azərbaycan Prezidenti “Anıtkabır”dakı xatirə kitabına ürək sözlərini yazdı:
“Türk dünyasının əvəzsiz şəxsiyyəti, böyük öndər, dahi Mustafa Kamal Atatürkün məzarı önündə, onun ruhu qarşısında hörmətlə baş əyirəm, ona Azərbaycan xalqının hədsiz məhəbbətini və ehtiramını ifadə edirəm.
Unudulmaz Atatürkün müqəddəs adı, solmayan siması min illərdən gələn Türkiyə və Azərbaycan dostluğunun və qardaşlığının gələcək yoluna parlaq işıq saçır.