Dövlət Baytarlıq Xidmətinin əməkdaşları sərhədyanı görüşdə iştirak ediblər
Bakı, 5 aprel, AZƏRTAC
Gürcüstanın Kvareli şəhərində Bioloji Təhlükənin Azaldılması (BTA) layihəsi çərçivəsində sərhədyanı ölkələrin baytarlıq və səhiyyə mütəxəssislərinin görüşü keçirilib.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən AZƏRTAC-a bildiriblər ki, ildə iki dəfə təşkil olunan bu görüşlərdə regionun iki ölkəsinin - Azərbaycan və Gürcüstanın Kənd Təsərrüfatı və Səhiyyə nazirliklərinin əməkdaşları iştirak edirlər. Bu il keçirilən görüşə ilk dəfə Özbəkistan, Qazaxıstan və Türkiyədən də nümayəndələr dəvət olunub.
Tədbirdə ölkəmizi Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin əməkdaşları - Epizootoloji tədbirlərin planlaşdırılması və monitorinqi sektorunun müdiri vəzifəsini icra edən N.Səfi və Epizootiya və Zoonoz xəstəliklər Əleyhinə Respublika Ekspedisiyasının rəis müavini K.Əsədov, Qax Rayon Baytarlıq İdarəsinin rəisi Ş.Babayev, Zaqatala Rayon Baytarlıq İdarəsinin rəisi C.Aslanov, Aqrar Kredit və İnkişaf Agentliyinin baytar mütəxəssisi, koordinatoru M.Xatibi, Səhiyyə Nazirliyinin və Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları təmsil ediblər.
Qeyd edək ki, sərhədyanı ölkələrin bu kimi görüşlərində baytar həkimlər və səhiyyə işçiləri üçün aktual mövzular - heyvan və quşların xüsusi təhlükəli xəstəlikləri, peyvəndləmə kampaniyaları, xəstəliklər üzrə məlumat mübadiləsi, aktiv və passiv nəzarət problemləri, hesabatların formaları, hər iki ölkədə epidemioloji vəziyyət, xəstəliklər barədə vaxtında xəbərdarlıq edilməsi, konfranslarda və layihələrdə birgə iştirak etmək, fikir və praktiki təcrübə mübadiləsinin aparılması və s. məsələlər müzakirə olunur.
Keçirilən görüşdə “Bruselyoz xəstəliyi ilə mübarizədə laboratoriya şəbəkəsinin problemləri, peyvəndləmə və nəzarət strategiyalarının aspektləri” mövzusunda, həmçinin “Regionda epidemioloji vəziyyət, zoonoz xəstəlikləri və yoluxucu xəstəliklərin elektron müşahidə sisteminin işlənməsi, sistemin yeni versiyasının hazırlanması, Özbəkistan və Qazaxıstanda bu sistemin tətbiqi” mövzusunda müzakirələr aparılıb.
Azərbaycan nümayəndələri ölkəmizin epizootoloji vəziyyətinə, xəstəliklərin passiv müşahidəsinə, bruselyoz xəstəliyinə qarşı aparılan tədbirlərə dair təqdimatlarla çıxış ediblər. Eləcə də tədbir iştirakçıları ölkələrində epizootoloji və epidemioloji vəziyyət, transsərhəd əməkdaşlığın problemləri və perspektivləri, aktual zoonozlar və digər məsələlər barədə məlumat veriblər.
Həmçinin görüş çərçivəsində Azərbaycan və Türkiyə mütəxəssisləri arasında gələcək əməkdaşlıq barəsində səmərəli danışıqlar aparılıb və ikitərəfli görüş barədə razılıq əldə olunub.