Dövlət büdcəsində inşaat işləri üçün nəzərdə tutulmuş vəsaitin 4 milyard 863, 6 milyon manatından istifadə olunmuşdur
Bakı, 20 noyabr (AZƏRTAC). Cari ilin yanvar-oktyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilmiş 11 milyard 135, 8 milyon manat vəsaitin 60,9 faizi və ya 6 milyard 783, 7 milyon manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmişdir.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, dövlət mülkiyyətli müəssisə və təşkilatlar əsas kapitala 6 milyard 872, 1 milyon manat, qeyri-dövlət müəssisələri isə 4 milyard 263,7 milyon manat vəsait sərf etmişlər. Məhsul istehsalı obyektlərinin inşasında 5 milyard 13, 2 milyon manat, xidmət sahələri üzrə obyektlərin tikintisində 6 milyard 122, 6 milyon manatlıq vəsaitdən istifadə edilmişdir.
Əsas kapitala yönəldilmiş vəsaitin 78,8 faizini daxili, 21,1 faizini isə xarici mənbələrdən yönəldilmiş sərmayələr təşkil etmiş, daxili vəsaitlərin 73,8 faizini dövlət mülkiyyətində olan müəssisə və təşkilatların 26,2 faizini qeyri-dövlət mülkiyyətinə məxsus müəssisələrin payına düşmüşdür.
Cari ilin 10 ayında dövlət büdcəsində inşaat işləri üçün nəzərdə tutulmuş vəsaitin 4 milyard 863, 6 milyon manatından istifadə olunmuşdur.