REGİONLAR
Dövlət dəstəyi aqrar sığortanı hər bir fermer üçün əlçatan edib – Salyanda fermerlərlə görüş
Bakı, 11 sentyabr, AZƏRTAC
Salyanda “Dayanıqlı fermer təsərrüfatı üçün aqrar sığorta” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə kənd təsərrüfatı heyvanları və bitkilərin, xüsusilə tərəvəz və meyvə bağlarının sığortası, bu sahədəki yeniliklər və fermerləri maraqlandıran məsələlər müzakirə olunub.
Tədbirdə çıxış edən Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov bölgədə kənd təsərrüfatı üçün böyük imkanlar olduğunu, əkinçiliyin və heyvandarlığın inkişaf etdiyini bildirib. Diqqətə çatdırıb ki, Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığortaya bölgələrdə maraq artmaqdadır. “Sığortanın əhatə etdiyi məhsulların çeşidinin böyük olması və dövlət dəstəyi aqrar sığortanı hər bir fermer üçün əlçatan edib. Salyan rayonunda 41 min hektardan artıq əkin sahəsinin 14 min hektarı taxıl, 10 min hektarı pambıq, təqribən 14 min hektarı yonca əkinlərinin payına düşür. “Bundan başqa, Salyanda geniş meyvə bağları, tərəvəz, bostan bitkiləri, çəltik və şəkər çuğunduru da becərilir, rayonda təkcə üzüm bağlarının sahəsi 1200 hektara yaxındır. Rayondakı əkinlərin yalnız 5 min hektarı sığortalanıb və bu da qənaətbəxş sayıla bilməz”, - deyə o qeyd edib.
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov ölkəmizdə dövlət tərəfindən yaradılan aqrar sığorta mexanizmi, onun iş prinsipi, fermerlər üçün əhəmiyyəti barədə məlumat verib. Aqrar sığorta haqqına 50 faizlik dövlət dəstəyi sayəsində fermerlərin cüzi məbləğ ödəməklə əkin sahələrini sığortalaya biləcəyini vurğulayan fond sədri deyib: “Aqrar sığorta əkin sahələrini təbiət hadisələri, dolu, qasırğa, fırtına, leysan yağışları, sel-subasma, yanğın, vəhşi heyvanların hücumu, 3-cü şəxslərin hərəkətlərindən sığorta edir. Aqrar sığortadan faydalanan fermerlərin sayı artmaqdadır. Belə ki, 2022-ci ildə müxtəlif hadisələrdən zərər çəkən fermerlərə 2,4 milyon manat sığorta ödənişi edildiyi halda, 2023-cü ildə bu rəqəm 4,4 milyon manata, 2024-cü ilin ilk 7 ayında isə 3,3 milyon manata yüksəlib, ilin sonunda bu məbləğin daha çox olacağı gözlənilir. Şirvan-Salyan iqtisadi rayonunda indiyədək əkin sahələrinə dəymiş zərərlə bağlı, ümumilikdə, 686 min manat, heyvandarlıq sığortası üzrə isə 96 min manat sığorta ödənişi edilib. Salyanda 1000 manatlıq buğda və pambığın sığortalanması fermerə cəmi 7 manata, 1000 manatlıq arpa məhsulunun sığortası 9 manata, eyni məbləğdə narın sığortası 8 manata, xurmanın sığortası isə 11 manata başa gəlir. Geniş yayılmış bostan bitkilərindən 1000 manatlıq pomidorun sığortalanması 10 manata, eyni məbləğdə qarpızın sığortalanması isə 11 manata başa gəlir. Əlavə ödənişlə məhsulu donvurmadan və dolu yağması nəticəsində görünüşünün korlanmasına görə ucuzlaşmasından da sığortalamaq olar”.
Fermerlərin sığortanın əhatə etdiyi risklər, sığorta ödənişi prosesi, sığorta müqaviləsinin bağlanması və qüvvəyə minməsi, heyvandarlıq sığortası və s. hallarla bağlı sualları cavablandırılıb.
Eyni zamanda, fermerlərə bildirilib ki, onlar sığorta müqaviləsinin olmasını və qüvvəyə minməsini Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsindəki “Şəhadətnaməni yoxla” bölməsindən dəqiqləşdirə, sığorta haqlarını isə saytdakı “Sığorta kalkulyatoru” vasitəsilə hesablaya bilərlər.
Tədbirdən sonra Aqrar Sığorta Fondunun sədri Fuad Sadıqov Salyan rayonunda təsərrüfatlarda olub, fermerlərlə görüşüb, onların suallarını cavablandırıb.
Aqrar sığortanın əhatə etdiyi məhsullar və risklər, eləcə də sığorta haqları barədə ətraflı məlumatı Aqrar Sığorta Fondunun www.asf.gov.az rəsmi internet səhifəsindən və səhifədəki “Bitkiçilik sığortası kalkulyatoru” və “Heyvandarlıq sığortası kalkulyatoru” vasitəsilə əldə etmək mümkündür.
Fermerlər, həmçinin Fondun (1651) çağrı mərkəzinə zəng etməklə, aqrar sığorta barədə məlumat ala, təsərrüfatlarını sığortalaya bilərlər.