İQTİSADİYYAT
Dövlət enerji və qaz nəzarət idarələrinin Kürdəmir regional sektorunun yeni inzibati binası istifadəyə verilmişdir
Bakı, 15 oktyabr (AZƏRTAC). Sənaye və Energetika Nazirliyinin dövlət enerji və dövlət qaz nəzarət idarələrinin Kürdəmir regional sektorunun yeni inzibati binası istifadəyə verilmişdir.
Sənaye və Energetika Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, yeni binanın açılış mərasiminin iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Kürdəmir şəhərindəki abidəsini və ulu öndərin adını daşıyan muzeyi ziyarət etmişlər.
İnzibati binanın açılış mərasimində sənaye və energetika nazirinin müavini Gülməmməd Cavadov çıxış edərək bildirmişdir ki, ölkə rəhbərliyinin apardığı uğurlu siyasət nəticəsində bütün digər sahələrdə olduğu kimi, sənaye-energetika kompleksində də çox ciddi nailiyyətlər əldə olunmuşdur. Bu gün ölkə əhalisi və sənaye müəsissələri fasiləsiz və davamlı enerji ilə təmin olunur. Belə bir mərhələdə enerji resurslarından səmərəli istifadə qarşıda duran əsas vəzifələrdən biridir.
G.Cavadov vurğulamışdır ki, müstəqilliyimizin bərpasının 20-ci ildönümü ərəfəsində nazirliyin dövlət enerji və qaz nəzarət idarələrinin Kürdəmir regional sektorunun yeni inzibati binasının istifadəyə verilməsi mühüm əhəmiyyətə malik hadisədir.
Sonda mərasim iştirakçıları binada yaradılan şəraitlə tanış olmuşlar.