DÖVLƏT GƏNCLƏR TEATRINDA... MƏTBUAT KONFRANSI
Mədəniyyət ocağının direktoru və bədii rəhbəri, əməkdar incəsənət xadimi Hüseynağa Atakişiyev mətbuat konfransında mövsümdə görəcəkləri işlər barədə məlumat vermişdir. Qeyd olunmuşdur ki, gələn il martın 27-də özünün 15 illik yubileyini qeyd edəcək kollektiv bayramı yeni səhnə əsərləri ilə qarşılayacaqdır. Teatrın bu mövsümdə tamaşaçılara təqdim edəcəyi ilk yeni tamaşa Elçin Hüseynbəylinin “Axırı sakitlikdir” əsəri olacaqdır. Artıq son məşqləri gedən bu tamaşanın premyerası sentyabrın 21-də keçiriləcəkdir.
Eyni zamanda, yapon yazıçısı Akutaqavadan tərcümə olunmuş “Hamının günahı” əsəri də bu mövsümdə oynanılacaqdır. Əsərin səhnələşdirilməsinə Yaponiyanın ölkəmizdəki səfirliyi sponsorluq edəcəkdir. Bununla əlaqədar, səfirlik teatrın səhnəsinin işıqlandırılmasını və akustikanı yaxşılaşdırmaq üçün aparılacaq təmir işləri ilə bağlı tender elan etmişdir.
Vilyam Şekspirin “Tədbirə qarşı tədbir” adlı əsərini də teatr bu ilki repertuarına daxil etmişdir. Xalq artisti Nəsibə Zeynalovanın, istedadlı gənc aktyorlar Coşqun Rəhimovun və Rafael İskəndərovun iştirak etdikləri “Dəmir qadın” adlı tamaşa üzərində isə yaradıcılıq işləri gedir.
Mətbuat konfransında jurnalistləri maraqlandıran suallara cavab verilmişdir.