İQTİSADİYYAT
DÖVLƏT GÖMRÜK KOMİTƏSİNİN ƏMƏKDAŞLARI KÜLLİ MİQDARDA NARKOTİK VASİTƏ TUTMUŞLAR
Bakı, 16 avqust (AZƏRTAC). Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, bu günlərdə Azərbaycan Respublikasının vətəndaşı Nəbi Möhübbət oğlu Quliyev İmişli rayonunun Qaragüvəndikli kəndi yaxınlığındakı gömrük sərhədindən gömrük nəzarətindən kənar İran İslam Respublikasına keçmiş, orada naməlum şəxsdən satış məqsədi ilə qanunsuz olaraq 9 kiloqram 885 qram həşiş qatranı və 2,350 qram psixotrop maddə olan metamfitamin əldə etmişdir. O, aldıqlarını İmişli rayonunda Bəhramtəpə-Qaradonlu avtomagistral yolunun kəsişdiyi yerdə Gömrük Sahəsində Hüquqpozmalara qarşı Mübarizə Baş İdarəsi Əməliyyat İdarəsinin şərti alıcı qismində cəlb edilmiş əməkdaşına satarkən yaxalanmışdır.
İstintaq zamanı müəyyən edilmişdir ki, Nəbi Quliyev özünü “Qara” adı ilə təqdim etmiş İran vətəndaşı ilə cinayət əlaqəsinə girmiş, İmişli rayonunun Qaragüvəndikli kəndinin ərazisində mühafizə olunan dövlət sərhədini nəzarət buraxılış məntəqəsindən kənar keçərək həmin şəxsdən yuxarıda adıçəkilən malları əldə etmişdir. Sonra qaçaqmalçılıq yolu ilə dövlət sərhədindən keçirərək Qaragüvəndikli kəndinin ərazisində qamışlıqda gizlətmiş və deyildiyi kimi, Gömrük Sahəsində Hüquqpozmalara qarşı Mübarizə Baş İdarəsi Əməliyyat İdarəsinin əməkdaşına satarkən yaxalanmışdır.
Bu cinayətləri törətdiyinə görə Nəbi Quliyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci, 206.3.2-ci, 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilmiş, Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda cinayətdə iştirak edən başqa şəxslərin müəyyən olunması istiqamətində istintaq hərəkətləri davam etdirilir.