Dövlət Gömrük Komitəsinin sədri Göyçayda vətəndaşları qəbul edib VİDEO

Göyçay, 25 avqust, Şahnəzər Bəşirov, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırıq və tövsiyəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir.
AZƏRTAC xəbər verir ki, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev avqustun 25-də Göyçay rayonunda bölgə vətəndaşlarını qəbul edib. Heydər Əliyev Mərkəzində keçirilən qəbulda komitə sədri Göyçay, Ucar, Zərdab və Kürdəmir rayonlarından olan vətəndaşların müraciətlərini dinləyib. Komitənin müvafiq struktur rəhbərlərinin də qatıldığı qəbulda müraciətlər əsasən işə qəbul, malların idxal və ixracı, bununla əlaqədar sənədləşmə qaydaları, gömrük-keçid məntəqələrindəki vəziyyət barədə olub.
Hər bir vətəndaş Dövlət Gömrük Komitəsinin sədri tərəfindən diqqətlə dinlənilib və əksər müraciətlər yerindəcə həll edilib. Araşdırılması zəruri olan bir sıra müraciətlərin isə qanunvericiliyə uyğun həlli barədə müvafiq struktur rəhbərlərinə tapşırıqlar verilib. DGK-nın səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər barədə vətəndaşlara hərtərəfli izahatlar verilib, belə müraciətlər müvafiq orqanlara çatdırılmaq üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.
A.Əliyev vətəndaşların işə qəbulla bağlı çoxsaylı müraciətlərini dinləyərək bildirib ki, gömrük orqanlarına xidmətə qəbul “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamə və Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 12 noyabr tarixli 349 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Gömrük orqanlarına xidmətə qəbul ilə əlaqədar müsabiqənin keçirilməsi qaydaları” əsasında test üsulu ilə həyata keçirilir. Qeyd edilən Fərmana uyğun olaraq “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin tələblərinə cavab verən Azərbaycan Respublikasının vətəndaşları gömrük orqanlarında xidmətə qəbul üçün Dövlət Gömrük Komitəsinin internet saytına müraciət edərək elektron şəkildə ərizə daxil etməklə, test imtahanlarında iştirak edə bilərlər.