Dövlət Gömrük Komitəsinin sədri Qazax şəhərində vətəndaşları qəbul edib
Bakı, 29 aprel, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həlli üçün müvafiq tədbir görürlər.
Dövlət Gömrük Komitənin (DGK) mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, aprelin 29-da DGK-nın sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Qazax şəhərində vətəndaşları qəbul edib. Komitə sədri qəbuldan öncə ulu öndər Heydər Əliyevin Qazax şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Qəbulda Qazax, Tovuz və Ağstafa rayonlarının sakinlərinin, eləcə də bu bölgədə məskunlaşan məcburi köçkünlərin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən malların idxal və ixracı, bununla əlaqədar sənədləşmə qaydaları, gömrük orqanlarında işə qəbul və digər gömrük məsələləri ilə bağlı olub.
Qəbul zamanı DGK-nın sədri S.Mehdiyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.